QafqazNews Manset.az-a istinadən xəbər verir ki, İspaniyanın şərqindəki İbiza adası yaxınlığında xam neft daşıyan tanker batıb və bir dənizçi həyatını itirib.

Alxesiras limanından Barselonaya doğru hərəkət edən Malta bayraqlı “Med Emre” gəmisində 1,2 milyon litr xam neft olub. Tanker İbizanın şimal-şərqində, adadan 25 dəniz mili məsafədə batıb.

Balear adalarının yerli hakimiyyətinin və Sahil Mühafizəsi xidmətinin mətbuata açıqladığı məlumata görə, gəminin 17 nəfərlik heyətindən biri ölüb. Sahilə çıxarılan altı ekipaj üzvü xəstəxanaya aparılıb. Onların vəziyyətinin həyati təhlükə yaratmadığı bildirilib.

İlkin qiymətləndirməyə əsasən, gəmi su ilə dolduğu üçün batıb. Neft sızması ehtimalına görə Milli Dəniz Çirklənməsinə Qarşı Fövqəladə Hallar Planı və Balear adalarının Regional Mülki Müdafiə Planı (PLATERBAL) işə salınıb.