QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata açıqlamasında Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmaz olduğunu bildirib.

Əliyev iki xalqın birliyini qorumağın vacibliyini vurğulayaraq, heç kimin şəxsi maraqları naminə qardaşlığa və həmrəyliyə xələl gətirməsinə imkan verilməyəcəyini deyib. Onun sözlərinə görə, bu münasibətləri pozmağa çalışanlar məqsədlərinə çata bilməyəcəklər.

Prezident 44 günlük Vətən müharibəsinin Türkiyə ilə Azərbaycanın birliyini bir daha nümayiş etdirdiyini qeyd edib. O xatırladıb ki, müharibədən yeddi ay sonra Şuşada Şuşa Bəyannaməsi imzalanıb və iki ölkə arasındakı əlaqələr rəsmən müttəfiqlik səviyyəsinə yüksəldilib.

İlham Əliyev bildirib ki, Azərbaycan və Türkiyə onsuz da həmişə müttəfiq olublar. O, iki ölkənin xalqlarını qardaş adlandıraraq, dünyada bir-birinə bu qədər bağlı xalqların və dövlətlərin olmadığını deyib.