QafqazNews Manset.az-a istinadən xəbər verir ki, immuniteti möhkəmləndirmək üçün mövsümi meyvə və giləmeyvələrdən yararlanmaq tövsiyə olunur. Tibb elmləri doktoru, immunoloq Vladislav Jemçuqov bildirib ki, bu barədə düşünməyə qışda deyil, yay aylarından başlamaq daha məqsədəuyğundur.
Onun sözlərinə görə, ötən qış tez-tez xəstələnənlər əvvəlcə həkimə müraciət edərək müayinədən keçməlidirlər. Belə halların arxasında gizli şəkərli diabet kimi aşkarlanmamış sağlamlıq problemləri dayana bilər.
İmmunitetin zəifləməsinə yol açan səbəblər müəyyən edilməzsə, orqanizmi möhkəmləndirmək üçün növbəti addım kimi kontrast duşdan istifadə oluna bilər. Həkim bu üsula da yayda başlamağı məsləhət görüb. Əvvəllər kontrast duş qəbul etməyənlərin isə soyuq mövsümdə bu vərdişə başlaması tövsiyə edilmir.
Jemçuqov immunitetə dəstək üçün polivitaminlərlə yanaşı, təbii meyvə və giləmeyvə qəbulunu sadə üsullardan biri kimi qeyd edib. Xüsusilə feyxoanı şəkərlə qarışdıraraq faydalı qarışıq hazırlamağın mümkün olduğunu vurğulayıb.
Həkimin tövsiyəsinə əsasən, bir kiloqram feyxoa ilə bir kiloqram şəkər ətçəkən maşından keçirilməli və qarışıq soyuducuda saxlanmalıdır. Gündə iki qaşıq qəbul etmək kifayətdir.