QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, İran rəsmiləri dondurulmuş 8 milyard dollarlıq aktivlərin sərbəst buraxılması müqabilində Hörmüz boğazının dəniz nəqliyyatına açılacağı barədə iddiaları təkzib ediblər. Tehran yalnız irəli sürdüyü şərtlər yerinə yetiriləndən sonra danışıqlara razı olacağını bildirib.
“Fars” agentliyinə danışan, adı açıqlanmayan rəsmi şəxs boğazın 8 milyard dollar qarşılığında yenidən açılması ilə bağlı hər hansı müzakirə aparıldığını qəti şəkildə inkar edib.
Bununla yanaşı, bəzi beynəlxalq media orqanları, o cümlədən İsrailin “Israel Hayom” qəzeti ABŞ Prezidenti Donald Trampın İranın təkliflərini müzakirə etmək üçün Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani ilə görüşəcəyini yazmışdı.
Tehran Vaşinqtona təqdim etdiyi tələblərdən geri çəkilməyəcəyini açıqlayıb. Bu tələblər arasında dəniz blokadasının tam aradan qaldırılması, ticarət gəmiləri və neft tankerlərinin Hörmüzdən təhlükəsiz keçidinə rəsmi təminat verilməsi, birtərəfli sanksiyaların ləğvi, neft ixracına tətbiq edilən məhdudiyyətlərin dayandırılması və xaricdəki dondurulmuş vəsaitlərin azad olunması yer alır. İran həmçinin nüvə materiallarının ölkə ərazisində saxlanmasını, mövcud hərbi qarşıdurmanın və müharibənin bitməsini tələb edir.