QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün davam edərək noyabrın 9-da başa çatıb. Həmin müharibəni dayandıran Üçtərəfli Bəyanatın imzalanmasından altı il ötür.
2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə sənəd imzalayıblar.
Bəyanatın müddəalarına əsasən, 10 noyabr 2020-ci il saat 00:00-dan etibarən atəş və bütün hərbi əməliyyatlar dayandırılır, Azərbaycan və Ermənistan isə həmin vaxt tutduqları mövqelərdə qalırlar. Ağdam rayonunun noyabrın 20-dək Azərbaycana qaytarılması nəzərdə tutulurdu.
Sənəddə Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyunca 1 960 hərbçi, 90 zirehli texnika, 380 avtomobil və xüsusi texnikadan ibarət Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi qeyd olunurdu. Kontingentin yerləşdirilməsi erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel həyata keçirilməli, missiyanın müddəti beş il olmalı idi. Tərəflərdən biri müddətin bitməsinə altı ay qalmış onun uzadılmasına qarşı olduğunu bildirməzsə, müddət daha beş il avtomatik uzadılacaqdı. Atəşkəsə nəzarəti gücləndirmək üçün sülhməramlı mərkəzin yaradılması da sənəddə yer almışdı.
Ermənistanın Kəlbəcər rayonunu 15 noyabradək, Laçın rayonunu isə 1 dekabr 2020-ci ilədək Azərbaycana qaytarması müəyyən edilmişdi. Şuşaya toxunmamaq şərti ilə Dağlıq Qarabağla Ermənistan arasında əlaqə yaradan, eni beş kilometr olan Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə verilirdi. Tərəflərin razılığı ilə üç il ərzində yeni hərəkət marşrutunun layihəsi hazırlanmalı, Azərbaycan isə dəhlizdə insanların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə hərəkətinə təhlükəsizlik zəmanəti verməli idi.
Bəyanatda məcburi köçkün və qaçqınların BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti ilə Dağlıq Qarabağa və ətraf rayonlara qayıtması, həmçinin hərbi əsirlərin, girovların, saxlanılan şəxslərin və cəsədlərin mübadiləsi nəzərdə tutulurdu.
Sənədə görə, bölgədə iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməli, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında təhlükəsiz nəqliyyat əlaqəsi təmin olunmalı idi. Bu marşrut üzrə nəzarət Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinə həvalə edilirdi. Tərəflərin razılığı ilə Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirən yeni nəqliyyat-kommunikasiya xətlərinin inşası da nəzərdə tutulmuşdu.
Bəyanat 10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti tərəfindən imzalanıb.