QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Türkiyə İraqın Başika bölgəsində yerləşən Zilkan hərbi bazasındakı qüvvələrinin mərhələli çıxarılmasını 2026-cı ilin sonunadək tamamlayacaq. Proses 2026-cı ilin noyabrında başlayıb.
İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəsmi nümayəndəsi Sabah ən-Numan bildirib ki, Türkiyə hərbçiləri bazanı tərk etdikdən sonra obyekt həmin ilin sonunadək, yaxud 2027-ci ilin əvvəlində İraqın təhlükəsizlik qüvvələrinə təhvil veriləcək.
Nümayəndənin sözlərinə görə, İraq-Türkiyə Birgə Təhlükəsizlik Komitəsi bazanın təhvil verilməsi və Sincar bölgəsində təhlükəsizliyin gücləndirilməsi istiqamətində fəaliyyətə başlayıb. Razılaşmalar qoşunların mərhələli çıxarılmasını, İraqın Sincar üzərində nəzarətinin artırılmasını, təhlükəsizlik əməkdaşlığının genişləndirilməsini və iqtisadi əlaqələrin inkişafını əhatə edir.
Sabah ən-Numan qeyd edib ki, Sincarda təhlükəsizlik sahəsində əldə olunan irəliləyiş Ankara ilə razılaşmaların icrasına keçməyə şərait yaradıb. Bölgənin təhlükəsizliyinə görə məsuliyyəti İraq ordusu üzərinə götürüb, silahlı birləşmələrin isə dövlətin güc strukturlarına inteqrasiyası başlanıb.
Zilkan bazası 2015-ci ildə Ankara ilə İraq Kürdüstanının regional hökuməti arasındakı razılaşma əsasında yaradılıb. Obyektin məqsədi İŞİD terror qruplaşmasına qarşı mübarizə aparan yerli qüvvələri hazırlamaq olub. Türkiyə 2026-cı ilin sentyabrında İraqdakı hərbi kontingentini çıxarmaq niyyətini açıqlamışdı.