QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün vəfatının 88-ci ildönümüdür.

Atatürk 1881-ci ildə Selanikdə dünyaya gəlib. 1896-cı ildə hərbi liseydə oxumağa başlayıb, Birinci Dünya müharibəsi və Türkiyənin İstiqlaliyyət müharibəsindəki fəaliyyəti ilə nüfuz qazanıb.

1919-cu ildə başlatdığı milli mübarizəyə rəhbərlik edən Atatürk Türkiyənin müstəqilliyinin əldə olunmasında mühüm rol oynayıb.

O, tarixdə Qazi Mustafa Kamal Paşa adı ilə də tanınıb. 1921-ci il avqustun 23-dən sentyabrın 13-dək davam edən Sakarya meydan müharibəsində Türkiyə ordusunun qələbəsindən sonra, sentyabrın 19-da Türkiyə Böyük Millət Məclisi ona “Qazi” fəxri adını və marşal rütbəsini verib.

Türkiyə Böyük Millət Məclisi 1923-cü il oktyabrın 29-da Cümhuriyyəti elan etdikdən sonra Atatürk dövlət başçısı seçilib.

Prezident olduğu müddətdə ölkənin siyasi, hüquqi, iqtisadi, sosial və mədəni sahələrində geniş islahatlar aparıb. Təhsilin yenilənməsi, əlifbanın dəyişdirilməsi, qadınlara siyasi hüquqların tanınması və dünyəvi dövlət quruculuğu həmin dəyişikliklərə daxildir.

1934-cü ildə qanunla ona “Atatürk” soyadı verilib, digər şəxslərin bu soyaddan istifadə etməsi qadağan olunub. Bu qadağa hazırda da qüvvədədir.

Səhhətində problemlər 1937-ci ildən başlayan Atatürk 1938-ci il noyabrın 10-da, 57 yaşında İstanbulun Dolmabahçe sarayında vəfat edib. Onun nəşi 1953-cü ildə Ankaradakı Anıtqəbirə köçürülüb.

Türkiyədə hər il vəfat etdiyi gün Atatürkün xatirəsi anılır. Saat 09:05-də, onun vəfat etdiyi vaxtda bir dəqiqəlik sükut elan olunur.