QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, 2020-ci ildə Vətən müharibəsi zamanı Gəncə Ermənistanın raket və ağır artilleriya hücumlarına məruz qalıb. Oktyabrın 4, 5, 7, 11 və 17-də törədilən zərbələr nəticəsində 26 nəfər şəhid olub, 175 nəfər xilas edilib.
Hücumların ardından Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dağıntılar altında qalan insanları xilas etmək üçün əməliyyatlar aparıblar. FHN əməkdaşı Elgün Nağdalıyev həmin günlərdə gördüklərinin ona ağır təsir etdiyini deyib: “Hadisə yerinə çatanda bir xilasedici kimi yox, bir insan kimi gördüyüm mənzərə məni çox sarsıtdı. Hər şey dağıntı altında idi, yaşayış yerindən əsər-əlamət qalmamışdı”.
Nağdalıyevin sözlərinə görə, axtarışlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti və Gəncə Regional Mərkəzinin əməkdaşları qatılıblar. Dağıntılar altında qalanları müəyyən etmək üçün xüsusi hazırlıqlı itlərdən də yararlanılıb.
“Üst-üstə çökmüş binaların altında qalan insanların yerini müəyyənləşdirməkdə kinoloji itlərin böyük rolu oldu. Onların köməyi ilə axtarış-xilasetmə əməliyyatlarını daha sürətli davam etdirirdik”, - deyə Elgün Nağdalıyev bildirib.
FHN əməkdaşı Mahir Məmmədov isə əməliyyatların ən ağrılı məqamının şəhidlərin nəşlərinin ailələrinə təhvil verilməsi olduğunu söyləyib. “Xilasetmə əməliyyatları zamanı şəhid olmuş insanların nəşini ailələrinə təhvil verirdik. Bu hallar bizə çox təsir edirdi. Əlimizdən gələni edirdik ki, insanlar oradan sağ çıxarılsınlar”, - deyə o qeyd edib.