QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, politoloq Oqtay Qasımov İranın Cənubi Qafqaz siyasətinin son dövrlər sərtləşdiyini deyib. Onun fikrincə, Zəngəzur dəhlizi və TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı proseslər Tehranda narahatlıq yaradır.

Qasımov bildirib ki, İrandakı bəzi dairələr bu layihələrin regionun geosiyasi və iqtisadi tarazlığına təsir göstərə biləcəyini düşünür. O, həmin dairələrin sərt bəyanatlarının da bununla əlaqəli olduğunu qeyd edib.

Politoloqun sözlərinə görə, İranın İsrail və ABŞ-la müharibəsindən sonrakı bir ildə bölgədəki siyasəti daha aqressiv olub. Bu yanaşmanın yalnız Yaxın Şərq və Körfəz ölkələri ilə məhdudlaşmadığını vurğulayan Qasımov, Tehranın Cənubi Qafqazda da Rusiya ilə koordinasiyalı və aqressiv fəaliyyət göstərdiyini bildirib.

O, bu ilin martında Naxçıvana edilən dron hücumunun Azərbaycan-İran münasibətlərində gərginliyi artırdığını deyib. Hadisədən sonra təhlükəsizlik və qarşılıqlı etimad məsələlərinin yenidən gündəmə gəldiyini xatırladıb.

Qasımovun sözlərinə görə, Azərbaycan hücuma sərt reaksiya versə də, müharibə zamanı İrana humanitar yardım edən ilk ölkə olub. Həmçinin İranı tərk edən xarici və İran vətəndaşlarının ölkə daxilində hərəkətinə və xaricə çıxmasına şərait yaradıb. Bununla belə, onun qeyd etdiyi kimi, SEPAH-a yaxın mühafizəkar siyasətçilər, ekspertlər, hərbçilər və din xadimləri Azərbaycana qarşı əvvəlki ritorikalarını davam etdiriblər.

Politoloq hesab edir ki, iki ölkə arasındakı fikir ayrılıqları gələcəkdə də qalacaq, münasibətlər isə gah gərginləşəcək, gah da yumşalacaq. Bu prosesə təsir edən əsas amillərdən biri Azərbaycanın müstəqil siyasəti olacaq.

Qasımov İranın özünə bağlı təsir qrupları və agentura şəbəkəsi vasitəsilə Azərbaycanda təsir imkanları yaratmağa çalışdığını bildirib. O, münasibətləri ziqzaqlı kimi xarakterizə edərək, Tehranın ənənəvi siyasətini davam etdirəcəyini, Azərbaycanın isə qonşularla normal münasibətləri qorumağa yönəlmiş xəttini saxlayacağını deyib. Bu səbəbdən münasibətlərdə kəskin dəyişiklik gözləmədiyini əlavə edib.