QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Azərbaycan və Özbəkistan parlamentləri 2027–2028-ci illəri əhatə edən “Yol xəritəsi” imzalayıb. Sənəd parlamentlərarası əməkdaşlığın yeni istiqamətlərini müəyyən edir və iki ölkənin müttəfiqlik əlaqələrinin dərinləşdirilməsinə xidmət göstərir.
Bununla yanaşı, Azərbaycan və Özbəkistan vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər etməsi məsələsi də müzakirə olunur. Təşəbbüsün həyata keçirilməsi və vizasız gediş-gəliş imkanlarının genişləndirilməsi ikitərəfli münasibətləri yeni mərhələyə çıxara bilər. Bu çərçivədə vəsiqə ilə səfər, ölkədə vizasız qalmaq və işləmək məsələlərinin həlli də gündəmdədir.
Milli Məclisin Azərbaycan–Özbəkistan parlamentlərarası işçi qrupunun üzvü Cavanşir Feyziyev bildirib ki, imzalanan sənəd əlaqələrin, o cümlədən parlamentlərarası münasibətlərin müttəfiqlik səviyyəsində olduğunu nümayiş etdirir.
Onun sözlərinə görə, iki ölkə arasında parlamentlərarası Forum yaradılıb və ilk toplantısı bu il Özbəkistanın Xivə şəhərində keçirilib. Müxtəlif qurumlar səviyyəsində qurulan əlaqələrin məqsədi tərəfdaşlığın müttəfiqlik məzmununu gücləndirməkdir. Parlamentlərdə müzakirə olunan məsələlər hökumətlərarası əməkdaşlığa istiqamət verməyə və xalqların ortaq maraqlarına uyğun təşəbbüsləri dəstəkləməyə xidmət edir.
Deputat qeyd edib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq insanların sərbəst hərəkətinə və malların maneəsiz dövriyyəsinə imkan yaratmaqla ümumi iqtisadi-mədəni məkanın formalaşmasına yönəlib.
Feyziyev vurğulayıb ki, bu, genişmiqyaslı və uzun müddət tələb edən dəyişiklikdir. Məqsədə çatmaq üçün xalqlar arasında mədəni-humanitar əlaqələrin sərbəstləşdirilməsi, iqtisadi və ticarət münasibətlərinin isə mümkün qədər liberallaşdırılması vacibdir. Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan arasındakı əməkdaşlıq bu prinsiplər əsasında inkişaf etdirilir, rəsmi səfərlər və hökumətlərin təşəbbüsləri isə xalqların istəklərinin dəstəkləndiyini göstərir.
Deputatın fikrincə, vizasız səfər, ölkədə istənilən müddət qalmaq və işləmək üçün icazələrin sadələşdirilməsi iki ölkənin müttəfiqlik münasibətlərinin mahiyyətindən irəli gəlir. “Ona görə də heç şübhə etmirəm ki, bu məsələlər yaxın gələcəkdə öz həllini tapacaq”, – deyə Cavanşir Feyziyev bildirib.