QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Müstəqil Dövlətlər Birliyi İranın “MDB+” formatında tərəfdaş statusu alması məsələsini nəzərdən keçirir.

MDB-nin baş katibi Sergey Lebedev bildirib ki, İran Prezidenti Məsud Pezeşkian bu təşəbbüsü oktyabrın 9-da Türkmənistanda keçirilən sammitdə irəli sürüb.

Lebedevin sözlərinə görə, təklif üzv ölkələrdə böyük maraq yaradıb və ilkin rəylər əsasən müsbətdir. Qərar müsbət olacağı təqdirdə, İran “MDB+” formatında tərəfdaş statusu alan ilk ölkə olacaq.

Pezeşkian bu formatın ticarət, investisiya, texnologiya, dağ-mədən sənayesi və nəqliyyat infrastrukturu üzrə əməkdaşlığın genişlənməsinə şərait yaradacağını deyib.

İran Prezidenti, həmçinin üzv dövlətlərin neft, qaz və elektrik enerjisinin istehsalı ilə tədarükünü uzlaşdırması üçün vahid enerji şəbəkəsi qurmağı təklif edib. O, sanksiyalar dövründə ticarətin davam etdirilməsi məqsədilə alternativ ödəniş və barter mexanizmlərinin inkişafını vacib hesab edib.

Pezeşkian Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən Cənubi Asiya və Avropa ilə birləşdirən nəqliyyat dəhlizində İran infrastrukturundan yararlanmağı da irəli sürüb. Onun mövqeyinə görə, “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizləri rəqabət aparmamalı, bir-birini tamamlamalıdır.

“MDB+” formatı 2025-ci ilin oktyabrında Qazaxıstanın təşəbbüsü ilə yaradılıb. Bu mexanizm MDB-yə üzv olmayan dövlətlərin və beynəlxalq təşkilatların qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığa cəlb olunmasını nəzərdə tutur.