QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu internet televiziyalarından birində Vətəndaş Həmrəyliyi Partiyasının rəhbəri, sabiq deputat Sabir Rüstəmxanlı barədə iddialar səsləndirib.

Cəlaloğlunun sözlərinə görə, iqtidar və müxalifət təmsilçilərinin qatıldığı toplantılardan birində deputatlar Siyavuş Novruzov və Mübariz Qurbanlının yanında oturduğuna görə Rüstəmxanlı ona irad tutub. O, Rüstəmxanlının bu iradı “İqtidarla görüşdün, birləşdin” sözləri ilə ifadə etdiyini bildirib.

Cəlaloğlu iddia edib ki, həmin vaxt Siyavuş Novruzov Rüstəmxanlıya belə cavab verib: “Sərdar bəy, günün günorta vaxtı bizimlə əməkdaşlıq edir, sən isə gecələr gəlib gizli şəkildə yanımızda olursan”.

Sabir Rüstəmxanlı isə Cəlaloğlunun söylədiklərini yalan adlandırıb və Siyavuş Novruzovun ona belə söz demədiyini bildirib.

“Sərdar gözünün içinə qədər yalan deyir. Heç yerdə, heç bir məclisdə Siyavuş Novruzov mənə belə bir söz deməyib. Çünki mənim nə gecə, nə gündüz, heç vaxt iqtidar qapılarında boyun büküb dayanmadığımı yaxşı bilir. İqtidarın qapıları üzümə hər zaman açıqdırsa, Milli Məclisdə daim görüşmək və sözümü demək imkanım olubsa, öz aydın milli mövqeyimlə bu haqqı qazanmışamsa, ‘gecə görüşləri’nə nə ehtiyac? Belə söz demədiyini Siyavuş Novruzov da təsdiqləyə bilər”, – deyə Rüstəmxanlı bildirib.

O, iqtidarın və müxalifətin həm doğru, həm də yanlış addımlarını açıq şəkildə dilə gətirdiyini söyləyib.

“Gündüz müxalifətçi, gecə iqtidar olanları Siyavuş Novruzov da, Mübariz Qurbanlı da, hakimiyyətdəkilər də yaxşı tanıyırlar. Məni heç kim o cərgəyə qoşa bilməz! Mümkün deyil! Qapısında boyun bükülənlərin böyüyü Ramiz Mehdiyev idi, ona Milli Məclisdəki cavabımı da bütün ölkə görüb. Yalan danışmaq, xalqı parça-parça etmək, siyasətçiləri, ziyalıları bir-birinə qarşı qoymaq, yox yerdən münaqişə yaratmaq, xırda maraqlarını millətin və dövlətin maraqlarından üstün tutmaq, özünü yaxşı göstərmək üçün dostunu, yoldaşını hədəfə çevirmək mənim yolum deyil. Bunu ağlı başında olan hər kəs görür və bilir”, – deyə o əlavə edib.