QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Xəzərin Azərbaycanın yurisdiksiyasında olan sahilboyu ərazilərində idarəetmənin təkmilləşdirilməsi barədə fərman imzalayıb.
Sənədə əsasən, bu ərazilərdə torpaqların idarə edilməsi, istifadəsi və qorunması üzrə vahid dövlət siyasətini həyata keçirmək, eləcə də aidiyyəti qurumların işini əlaqələndirmək İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə tapşırılıb. Xidmətin işçi sayına 40 ştat vahidi əlavə olunacaq.
Nazirlər Kabineti altı ay ərzində sahilboyu ərazilərə xüsusi status verilməsi, onların zonalara ayrılması və hüquqi rejiminin müəyyənləşdirilməsi barədə təkliflər hazırlamalıdır. Həmin ərazilərdə torpaqdan istifadə və mühafizəyə dövlət nəzarətinin artırılması, qanunsuz zəbtin qarşısının alınması, inzibati və cinayət məsuliyyətinin sərtləşdirilməsi üçün normativ hüquqi akt layihələrinin hazırlanması da tapşırıqlar sırasındadır.
Hökumət eyni müddətdə Xəzərin Azərbaycan sektorunda su səthi ilə quru arasındakı təmas xəttinin hazırkı vəziyyətini, sahil ərazilərinin sərhəd və ölçülərini, habelə onların kağız və rəqəmsal qrafik təsvirini təsdiqləməlidir.
İqtisadiyyat Nazirliyi sahilboyu torpaqların idarə edilməsində Coğrafi İnformasiya Sistemlərinə əsaslanan xəritə və məlumatlardan yararlanmağa imkan verən informasiya sisteminin yaradılması barədə təkliflər təqdim etməlidir.
Sahilboyu ərazilərdə torpaqların istifadəyə və icarəyə verilməsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “bir pəncərə” prinsipi ilə, Elektron Hökumət İnformasiya Sistemi üzərindən həyata keçiriləcək.
Fərmanın icrası zamanı müşahidə sistemlərinin yaradılması, monitorinqlər, söküntü, abadlıq və sanitar təmizlik işləri, həmçinin Xidmətin maddi-texniki imkanlarının gücləndirilməsi üçün maliyyə ayrılması nəzərdə tutulur.