QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, dövlət qulluqçularının pedaqoji fəaliyyətinə dair qaydalar yenilənəcək. Bununla bağlı Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsinin təsdiqi və tətbiqi, eləcə də əlaqəli məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

İndiyədək qüvvədə olan “Dövlət qulluğu haqqında” qanun dövlət qulluqçusuna əlavə ödənişli işlə məşğul olmağı, eləcə də seçkili və ya təyinatlı vəzifə tutmağı qadağan edirdi. Əmək qanunvericiliyinə uyğun müvəqqəti əvəzçilik bu qadağadan istisna sayılırdı. Elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, pedaqoji fəaliyyət üçün isə qulluq keçilən dövlət orqanının rəhbərinin icazəsi tələb olunurdu.

Yeni Məcəlləyə əsasən, qulluqçu əlavə ödənişli iş görə və seçkili, yaxud təyinatlı vəzifə tuta bilməz. İstisnalar qulluq keçdiyi dövlət orqanında qanunvericiliklə nəzərdə tutulan qaydada müvəqqəti əvəzçilik və boş vəzifənin funksiyalarının icrasını əhatə edir.

Məcəllədə həmçinin nəzərdə tutulur ki, dövlət qulluqçusu qulluq müddətində sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz. Elmi və pedaqoji fəaliyyət istisnadır, lakin bunun üçün dövlət orqanının rəhbərinin yazılı razılığı olmalıdır.