QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, siyasi şərhçi Elçin Alıoğlu Mariya Zaxarovanın TRIPP layihəsi ilə bağlı açıqlamasını tənqid edib və Rusiya XİN sözçüsünə diplomatiya kitabları göndərməyə hazır olduğunu bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova layihənin Cənubi Qafqazda yeni ayırıcı xətt yaratmamalı olduğunu deyib. Onun sözlərinə görə, Moskva “Tramp marşrutu”nun yalnız Rusiya və İranın maraqları nəzərə alınmaqla həyata keçirilməsini mümkün sayır. Əks halda, layihənin uğursuzluğa düçar olacağını bildirib.
Zaxarova Ermənistan və ABŞ-ın təşəbbüsünün təfərrüatlarının hələ aydın olmadığını da qeyd edib. Tikinti müddəti və parametrləri, həmçinin infrastruktur və logistika imkanlarından istifadə qaydaları barədə məlumat açıqlanmayıb.
Alıoğlu bildirib ki, Zaxarovanın bəyanatı Kremlin Cənubi Qafqaz siyasətinə cavabdeh olan Prezident Administrasiyasının 4-cü Şöbəsinin yanaşmasını əks etdirir. Onun sözlərinə görə, Rusiyanın Azərbaycanda təsir imkanları yaratmaq üçün “yumşaq güc” xətti çərçivəsində kağız üzərində 100 milyon, Ermənistanda isə 220 milyon dollardan artıq vəsait xərclənib, lakin nəticə əldə olunmayıb.
Şərhçi Zaxarovanın başqa ölkələrin daxili məsələlərinə Rusiya prizmasından yanaşmaq öhdəliyinin olmadığını anlamalı olduğunu deyib. Alıoğlu vurğulayıb ki, Azərbaycan başqa dövlətlərlə əməkdaşlıq sazişləri imzalayarkən Rusiyanın mövqeyini nəzərə almağa məcbur deyil, çünki ölkə Rusiya Federasiyasının subyekti deyil.
Alıoğlunun fikrincə, Zaxarovanın açıqlaması diplomatik ifadə tərzindən uzaqlaşıb və hədə xarakteri daşıyır. O, “Biz orda yoxuqsa, bu alınmayacaq” məzmunlu bəyanatın açıq təhdid olduğunu bildirib.
Şərhçi Rusiyanın Cənubi Qafqazda dağıdıcı və aqressiv siyasət yürütmək niyyətində olduğunu, bunun nə Rusiyanın, nə də Ermənistan və Azərbaycanın maraqlarına uyğun gəldiyini söyləyib. O, qonşulara münasibətdə neoimperialist və feodal düşüncənin müasir diplomatiyaya uyğun olmadığını qeyd edib.
Alıoğlu Zaxarovanın təhsil və mütaliə ilə bağlı çətinliyi olarsa, diplomatiya lüğəti və kommunikasiya mövzusunda bir neçə kitabı rus dilinə tərcümə etdirərək öz hesabına ona göndərməyə hazır olduğunu deyib.