QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, noyabrın 27-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaş cəmiyyəti nümayəndələri üçün “Açıq qapı” günü təşkil olunub.

Görüşə paytaxtda və regionlarda çalışan QHT-lərin rəhbərləri, həmçinin Komitə yanında İctimai Şuranın üzvləri qatılıblar. İştirakçılar Monitorinq, Qayıdışın qeydiyyatı və təşkili şöbələrinin, eləcə də “Qaynar xətt” xidmətinin fəaliyyəti ilə tanış olub, bu bölmələrdə görülən işlər barədə məlumat alıblar.

Daha sonra Komitə rəhbərliyinin iştirakı ilə dəyirmi masa keçirilib. İştirakçılar Böyük Qayıdış prosesinin təşkili ilə bağlı fikirlərini və təkliflərini bölüşüblər.

Komitənin sədri Rövşən Rzayev çıxışında işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərindən, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasından, keçmiş məcburi köçkünlərin təhlükəsiz və mərhələli şəkildə doğma yurdlarına qayıtmasının təmin edilməsindən danışıb. O, həmçinin yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun qurulması və qayıdan əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərə və qarşıda duran vəzifələrə toxunub.

Rövşən Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirləri və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahədəki fəaliyyətini qeyd edib. Komitə sədrinin sözlərinə görə, qurum ictimaiyyət və vətəndaş cəmiyyəti institutları ilə əlaqələrə xüsusi önəm verir, əməkdaşlığı yüksək qiymətləndirir. İctimai Şuranın səmərəli fəaliyyəti də vurğulanıb.

Dəyirmi masa zamanı sədr müavini Fuad Hüseynov, İctimai Şuranın sədri Anar Xəlilov və QHT rəhbərləri Komitənin fəaliyyət sahələri, vətəndaş müraciətlərinin təşkili, Böyük Qayıdış və ictimaiyyətlə əlaqələrin inkişafı barədə müzakirələr aparıblar.

“Açıq qapı” gününün məqsədi Komitənin işi barədə ictimaiyyəti məlumatlandırmaq, struktur bölmələrinin fəaliyyət prinsiplərini tanıtmaq, vətəndaş cəmiyyəti ilə əməkdaşlığı və açıq dialoqu inkişaf etdirmək olub.