QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Vyetnam Dövlət Televiziyasının ingilisdilli “Vietnam Today” platformasında Azərbaycanla əməkdaşlığın inkişafına həsr olunan süjet yayımlanıb. “Vyetnam və Azərbaycan əməkdaşlığı gücləndirir” adlı materialda iki ölkə arasında əlaqələrin genişləndirilməsi imkanları əks olunub.
Süjetdə Vyetnamın Baş naziri Le Minh Hınq və Milli Assambleyanın sədri Çan Tan Manın noyabrın 20-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdikləri ayrı-ayrı görüşlərdən bəhs edilib.
Le Minh Hınq Azərbaycanla ənənəvi dostluq və strateji tərəfdaşlıq əlaqələrinə sadiqliyi təsdiqləyib. Baş nazir yüksək səviyyədə əldə edilmiş razılaşmaların həyata keçirilməsində irəliləyiş olduğunu qeyd edib.
Görüşdə ticarət və investisiyaların artırılması, sənaye, kənd təsərrüfatı, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Tərəflər Mərkəzi Asiya və Transxəzər dəhlizi üzərindən dəmir yolu bağlantılarının yaxşılaşdırılması, qida təhlükəsizliyi və karantin sahələrində birgə fəaliyyətin gücləndirilməsi barədə də razılığa gəliblər.
İlham Əliyev Vyetnamı Cənub-Şərqi Asiyanın əhəmiyyətli tərəfdaşı adlandırıb. O, enerji, ticarət və investisiya istiqamətlərində əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.
Materialda Çan Tan Manın Azərbaycan Prezidenti ilə söhbəti də işıqlandırılıb. Milli Assambleyanın sədri parlamentlər arasında münasibətlərin deputat heyətlərinin mübadiləsi, qanunvericilik təcrübəsinin paylaşılması və çoxtərəfli parlament platformalarında koordinasiyanın artırılması ilə inkişaf etdirilməsinin önəmini vurğulayıb.
Çan Tan Man Vyetnamın Azərbaycanın ASEAN və ASEAN Parlamentlərarası Assambleyası (AIPA) ilə əlaqələrinin möhkəmləndirilməsinə dəstək verməyə hazır olduğunu deyib. İlham Əliyev parlamentlərarası əməkdaşlığı müsbət dəyərləndirib, turizmin təşviqi üçün viza qaydalarının sadələşdirilməsi və paytaxtlar arasında birbaşa uçuşların təşkili imkanlarına baxılmasını təklif edib.
Tərəflər siyasi etimadın möhkəmləndirilməsi ilə yanaşı, ticarət, investisiya, enerji, neft-qaz və logistika sahələrində əməkdaşlığın genişləndirilməsində razılığa gəliblər.
İlham Əliyev noyabrın 19–21-də Vyetnamda rəsmi səfərdə olub. Səfər zamanı strateji tərəfdaşlığın dərinləşdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın artırılması müzakirə edilib. Həmçinin, 2027-ci ildə diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunması barədə razılıq əldə olunub.