QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Ermənistan xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vahan Kostanyan Azərbaycan və Ermənistan nümayəndələri ilə görüşdə TRIPP məsələsini də müzakirə etdiklərini bildirib.

Kostanyan bu fikirləri sayca beşinci “Sülh körpüsü” təşəbbüsünün dəyirmi masasında iştirak edən erməni və azərbaycanlılarla görüşdən sonra səsləndirib. Onun sözlərinə görə, iki ölkə cəmiyyətləri arasındakı təmaslar Ermənistanla Azərbaycan arasında sülhün qurulması baxımından mühüm əhəmiyyət daşıyır.

Nazir müavini qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin üzvləri Ermənistanın xarici siyasəti və iki ölkə arasında münasibətlərin normallaşması prosesindəki hazırkı vəziyyət barədə suallar veriblər. O bildirib ki, əsas başlanğıc nöqtəsi tərəflərin irəliləməyin və sülhün təsis edilməsinin vacibliyini qəbul etməsidir.

Kostanyan TRIPP mövzusunun da müzakirə olunduğunu vurğulayıb. O, bu sahədə son vaxtlar yeni məlumatların olduğunu və daha əvvəl ictimaiyyətə açıqladığı məlumatları görüş iştirakçılarına çatdırdığını deyib.