QafqazNews Interfax-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın telefonla danışığı üçün konkret planlar hələlik yoxdur, Kremldən bildirilib.
Kreml sözçüsü Dmitri Peskov jurnalistlərin müvafiq sualına cavabında deyib: “Xeyr, bu əlaqələrə dair hələlik hər hansı konkret planlar yoxdur. Amma zərurət yaranarsa, onlar kifayət qədər operativ şəkildə təşkil oluna bilər”.
Daha əvvəl Türkiyə Prezidenti Ərdoğanın Rusiya Prezidenti ilə Ukrayna münaqişəsini müzakirə etmək niyyətində olduğu Anadolunun məlumatında bildirilmişdi.
Xəbərdə vurğulanır ki, Ərdoğan Rusiyanın və Ukraynanın sülhə nail olması üçün Türkiyənin səylərini davam etdirəcəyini söyləyib və Türkiyədə Zelenski ilə keçirdiyi görüşdən sonra bu məsələni Putinlə müzakirə etməyi planlaşdırdığını ifadə edib.
Qeyd olunur ki, Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski 31 oktyabrda görüşüblər və Türkiyə rəhbəri görüş zamanı xüsusilə Qara dənizdə gəmi təhlükəsizliyinin müzakirə edildiyini qeyd etmişdi.