QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Rusiyada Li Auto (Lixiang) markalı Çin avtomobillərinin sahibləri kütləvi kiberhücumlarla üzləşiblər.
Kibercinayətkarlar avtomobillərin elektron idarəetmə hesablarını ələ keçirərək onların qaytarılması üçün pul tələb edirlər. Müdaxilə nəticəsində multimedia sistemi, iqlimə nəzarət və digər funksiyalar bağlanır. Bəzi avtomobillərdə işə düşmə ilə bağlı da çətinlik yaranıb.
Hesabların bərpası üçün sahiblərdən 35-45 min rubl tələb olunduğu bildirilir. Hazırda təxminən 20 belə hal qeydə alınıb, lakin zərərçəkənlərin sayının daha çox olması ehtimal edilir.
Zərərçəkənlərdən birinin sözlərinə görə, onun Li Auto L7 modelinin ekranları qəfil sönüb və avtomobil elektron açara cavab verməyib. Daha sonra naməlum şəxs onunla əlaqə saxlayaraq hesabı geri qaytarmaq üçün 45 min rubl istəyib.
Araşdırmalar bəzi hadisələrin avtomobillərin elektron hesablarına bağlanan Çin telefon nömrələri ilə əlaqəli olduğunu göstərib. Li Auto-nun nümayəndəliyi bildirib ki, həmin hallarda üçüncü tərəflərdən əldə edilmiş Çin nömrələrindən istifadə olunub.
Bu, Li Auto sahiblərinin hesablarına qarşı ilk belə hücum deyil. 2025-ci ilin yayında da hesablar ələ keçirilmiş, onların bərpası üçün 200-250 min rubl tələb edilmişdi.
Şirkətin Rusiyadakı rəsmi distribütoru Sinomach Auto problemin mövcudluğunu təsdiqləyib. Distribütorun açıqlamasına əsasən, hakerlərin avtomobili hərəkət zamanı idarə etməsi mümkün deyil.
İstehsalçı hesabları təhlükəsiz şəkildə bərpa etmək üçün yeni mexanizm üzərində işləyir. Çin telefon nömrələri ilə girişin elektron poçt vasitəsilə əvəzlənməsi planlaşdırılır. Bu sistem 2026-cı model ilinə aid avtomobillərdə artıq tətbiq olunur.
Şirkət avtomobil sahiblərinə şifrələri və təsdiq kodlarını başqalarına verməməyi, hesaba girişdə problem yaranarsa rəsmi müştəri xidmətinə müraciət etməyi tövsiyə edib.