QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, deputat Əli Məsimli kənd təsərrüfatı məhsullarının məcburi uçota alınmasının bazarda qiymət artımına səbəb ola biləcəyini deyib.

O, fikirlərini Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsinə və bir sıra qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi zamanı səsləndirib. Məsimlinin sözlərinə görə, layihədə heyvanların, yunun, baramanın və digər kənd təsərrüfatı məhsullarının məcburi uçota alınması nəzərdə tutulur.

Deputat bu addımın ətin qiymətini əhalinin alıcılıq imkanlarına uyğun olmayan səviyyəyə qaldıra biləcəyi barədə xəbərdarlıq edib. O qeyd edib ki, çörək və ət ölkədə mühüm ərzaq məhsullarıdır və onların bahalaşması başqa məhsulların qiymətinə də təsir göstərə bilər. Məsimli qərar qəbul edilərkən ehtiyatlı davranmağı və başqa ölkələrin təcrübəsini araşdırmağı vacib sayıb.

Məsələni şərh edən iqtisadçı Əli Cəfərov isə kənd təsərrüfatında inzibati vergi mexanizmləri və plansız uçotun ərzaq təhlükəsizliyi üçün risk yarada biləcəyini bildirib. Onun fikrincə, heyvandarlıq örüş sahələrinin zəbt olunması, yem xərclərinin artması və su resurslarının idarə edilməsindəki problemlər səbəbindən onsuz da çətin vəziyyətdədir.

Cəfərov bildirib ki, fermerlərə real subsidiya və dəstək göstərilmədən heyvanların, yunun və baramanın məcburi vergi və inzibati uçota cəlb edilməsi kiçik və orta təsərrüfatların fəaliyyətini zəiflədə bilər. Fermerlərin əlavə xərcləri isə ət və südün qiymətinə təsir edəcək.

İqtisadçının qənaətinə görə, ətin qiyməti artıq bir çox alıcının imkanlarını üstələyirsə, yeni inzibati yük artımı daha da sürətləndirə bilər. Bu, təkcə ət bazarında deyil, çörək və digər gündəlik ərzaqların qiymətlərində də zəncirvari bahalaşma yarada bilər.

Cəfərov aidiyyəti qurumların, o cümlədən Maliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin belə addımlardan çəkinməməsinin heyvandarlıq sektorunda bir neçə ay ərzində ağır və bərpası çətin nəticələrə gətirə biləcəyi barədə xəbərdarlıq edib.