Həyət və parklarda uşaqların səsli oyunları qonşular arasında narazılıq yarada bilir. Bəziləri uşaqların açıq havada oynamasını təbii saysa da, digərləri qışqırıqdan və top oyunlarından şikayət edir. Bu problem çoxmənzilli binaların həyətlərində daha həssas qarşılanır.

QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, klinik psixoloq və psixoterapevt Rövşən Nəcəfov uşaqların səs-küyünə münasibət, qonşular arasında yaranan mübahisələr və valideynlərin məsuliyyəti ilə bağlı fikirlərini bölüşüb.

Nəcəfovun sözlərinə görə, qaçmaq, gülmək, qışqırmaq və top oynamaq uşaqlar üçün adi davranışlardır. Uşaqlardan böyüklər kimi sakit qalmağı gözləmək düzgün deyil. O, həyət və parkların kitabxana olmadığını vurğulayaraq, narahatlığın oynayan uşaqlara deyil, səssiz qalan uşağa yönəlməli olduğunu deyib.

Psixoloq bildirib ki, uşağın səsi bəzi insanlar üçün qıcıqlandırıcı ola bilər. Uzunmüddətli stress, yuxusuzluq, emosional gərginlik və səsə həssaslıq bu reaksiyanı gücləndirir. Bununla belə, insan öz vəziyyətinə görə uşağı məsul tuta bilməz. Adi oyun aqressiya doğurursa, səbəb uşağın səsində deyil, həmin reaksiyanın arxasındadır. Hər kəs öz emosional davranışına cavabdehdir.

Mütəxəssis bəzi insanların öz uşaqlarının səs-küyünü qəbul edib, başqalarının uşaqlarına eyni davranışa görə etiraz etməsini ikili standart kimi qiymətləndirib. Onun fikrincə, şəxsi rahatlıq başqalarının hüquqlarından üstün tutulmamalıdır və bütün uşaqların ümumi məkanlardan istifadə etmək haqqı var.

Qonşular arasında narazılıq yaranarsa, uşağın yanında mübahisə etmək, onu təhqirə və ya qorxuya məruz qoymaq yolverilməzdir. Məsələ valideynlərlə sakit şəkildə danışılmalıdır. Valideynlər də qonşuların dincəlmək hüququnu nəzərə almalı, xüsusən gecələr səs-küyə nəzarət etməlidirlər. Bununla yanaşı, Nəcəfov gündüz həyətində oynayan uşaqların səsinin tamamilə kəsilməsini tələb etməyi əsassız sayıb.

Rövşən Nəcəfov qeyd edib ki, uşaq başqalarına qarşı aqressiv davrananda, onları vurub təhqir edəndə, oyuna qoşulmalarına mane olanda və təhlükəli hərəkətlər edəndə valideyn müdaxilə etməlidir. Qayda və sərhədləri öyrətmək valideynin öhdəliyidir, lakin hər qışqırıq və qaçışa görə uşağın oyununu dayandırmaq lazım deyil. Oyun uşaqlara sosial münasibətləri öyrədir. Psixoloq əlavə edib ki, valideynin davranışı uşağa nümunə olur və aqressiv valideynin sakit, nəzakətli övlad böyütməsi çətindir.