QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası bayram günləri ilə bağlı geomaqnit şəraiti proqnozlaşdırıb. Məlumata görə, noyabrın 9-dan 12-dək ölkədə güclü geomaqnit qasırğası gözlənilmir.
Hazırda Günəş fəallığı aşağı və orta həddədir. Günəş səthinin ayrı-ayrı sahələrində M sinifli alışmalar qeydə alınsa da, onların Yerə təsir edəcəyi ehtimal olunmur.
Kafedranın bildirdiyinə görə, noyabrın 12-dək geomaqnit sahənin ümumi fonu normal qalacaq, orta coğrafi enliklərdə isə sakit şərait müşahidə ediləcək.
Geomaqnit qasırğasının intensivliyini ölçən Kp əmsalının 10 ballıq şkala üzrə noyabrın 9-10-da 4-3, 11-12-də isə 3-2 intervalında olacağı gözlənilir. Yüksək coğrafi enliklərdə göstərici 4-5 həddində dəyişə bilər.
Proqnozda qeyd olunur ki, həmin günlərdə Azərbaycanda geomaqnit sahə əsasən sabit və ya zəif həyəcanlanmış vəziyyətdə olacaq. Güclü, yaxud dağıdıcı geomaqnit qasırğasının başvermə ehtimalı çox aşağı qiymətləndirilir.