QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Azərbaycanda plastik kartlarla aparılan ödənişlərin ümumi məbləği və sistemlər üzrə bölgüsü açıqlanıb. Ən böyük göstərici Visa kartlarının payına düşüb.

Visa vasitəsilə 8 milyard 398,8 milyon manatlıq ödəniş həyata keçirilib. Mastercard 4 milyard 272,5 milyon manatla ikinci sırada qərarlaşıb. Lokal kartlarla ödənişlərin həcmi 84,2 milyon manat, American Express (AmEx) üzrə isə 1,2 milyon manat olub.

Statistikaya əsasən, ölkədə nağdsız kart ödənişlərinin böyük hissəsi Visa və Mastercard sistemlərinin üzərindən aparılır.

Bu iki şirkətin liderliyinin səbəblərini şərh edən ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli onların beynəlxalq ödəniş sistemləri olmasını əsas amil kimi göstərib.

“Bu, dünyanın hər yerində belədir və yalnız Azərbaycana xas vəziyyət deyil. Azərbaycanın ayrıca ödəniş sistemi də yoxdur, əməliyyatlar beynəlxalq sistemlər vasitəsilə aparılır. Nağdsız ödənişlərdə Visa və Mastercard bütün dünyada ön sıradadır. Eyni tendensiya müxtəlif ölkələrdə müşahidə olunur və dünya üzrə mənzərə Azərbaycanda da təkrarlanır. Buna görə təəccüblənməyə əsas yoxdur”, – deyə Cəfərli bildirib.