QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycanda dünən yağıntılı hava şəraiti müşahidə olunub. Daşkəsən, Kəlbəcər və Şahdağda qar qeydə alınıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qar qatının qalınlığı Şahdağda 3, Kəlbəcərdə isə 2 santimetr olub.

Bakı və Abşeron yarımadasında ən çox yağıntı Maştağada qeydə alınıb — 18 millimetr. Binədə 12, Bakıda 11, Sumqayıtda isə 4 millimetr yağıntı düşüb.

Ölkənin başqa ərazilərində də yağış yağıb. Ən yüksək göstərici Şahbuzda və Qax rayonunun Sarıbaş kəndində qeydə alınıb: hər iki ərazidə 12 millimetr yağıntı ölçülüb. Naxçıvan, Ordubad, Sədərək və Zaqatalada 9, Gədəbəy və Ağstafada 8, Şərur və Culfada 7, Xaçmazda 6, Qubada isə 5 millimetr yağıntı olub.

Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzulidə arabir yağış yağıb.

Bəzi ərazilərdə şimal-qərb küləyinin sürəti artıb. Küləyin maksimal sürəti Mingəçevirdə saniyədə 28 metr, Bakı və Abşeron yarımadasında 26 metr, Goranboyda 23 metr, Naftalanda isə 22 metr təşkil edib.

Şərur, Daşkəsən, Göygöl, Qax rayonunun Sarıbaş kəndi, Şəki, Şamaxı, Qobustan, Altıağac, Qusar, Göyçay və Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək azalıb.