QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətində struktur bölmələrinin yenidən təşkili ilə yanaşı, kadr dəyişiklikləri də həyata keçirilib. İcra başçısı Elşad Həsənov bununla bağlı əmrlər imzalayıb.
Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş, İctimai-siyasi və humanitar məsələlər, eləcə də Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri ləğv edilib. Onların əsasında Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi yaradılıb. Şöbənin rəhbəri icra başçısının müavini Təravət Muradova təyin olunub; o, hər iki vəzifəni icra edəcək.
Yeni şöbənin strukturunda Ərazi-təşkilat məsələləri, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili, həmçinin İctimai-siyasi və humanitar məsələlər sektorları fəaliyyət göstərəcək.
Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əvvəlki müdiri Cəmil Qarayev vəzifəsindən azad edilərək Ərazi-təşkilat məsələləri sektorunun müdiri və yeni şöbənin müdir müavini təyin olunub. Həmin ləğv edilmiş şöbənin baş məsləhətçisi Elnur Tağıyev yeni sektorda böyük məsləhətçi, Gülşən Hüseynova isə baş məsləhətçi vəzifəsində qalıb.
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin sabiq müdiri Zöhrab Cəfərov müvafiq sektorun rəhbəri olub. Şöbənin müdir müavini və dini qurumlarla işin təşkilatçısı Nazilə Rəhimova Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi və böyük məsləhətçisi təyin edilib. Əvvəlki şöbənin baş məsləhətçisi Elçin Əhmədov yeni sektorda baş məsləhətçi, digər baş məsləhətçi Cavid Şıxcəfərli isə aparıcı məsləhətçi və komissiyanın məsləhətçi-psixoloqu vəzifəsinə gətirilib.
Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin keçmiş müdiri Samir İsmiyev yeni şöbənin müdir müavini olmaqla yanaşı, müvafiq sektorun müdiri təyin edilib. Ləğv edilən şöbənin böyük məsləhətçisi Tural Əsgərov həmin sektorda böyük məsləhətçi, digər ləğv olunmuş şöbənin böyük məsləhətçisi Azər Həsənov isə sektorun məsləhətçisi olub.
Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi, Rayon təsərrüfatı şöbəsi və İnformasiya təminatı və təhlili sektoru ləğv edilərək Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsi yaradılıb. Onun tərkibinə Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoru ilə Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoru daxil edilib. Yeni şöbənin müdiri vəzifəsinə hələlik təyinat yoxdur.
Ləğv edilən informasiya təminatı və təhlili sektorunun rəhbəri Ədalət Xəlilov yeni şöbənin müdir müavini və Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müavini təyin olunub. Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Tural İsayev yeni sektorda baş məsləhətçi və əhali ilə görüşlərin təşkilatçısı olacaq. Aytək Babayeva və Mehman Muxtarov isə həmin sektorda aparıcı məsləhətçi vəzifələrinə təyin ediliblər. Sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsinin ləğv edilən məsləhətçisi Dəstanə Nəsirova yeni sektorda aparıcı məsləhətçi-operator olub.
Əvvəlki sosial-iqtisadi inkişaf şöbəsinin aparıcı məsləhətçisi Elnur Əliyev tutduğu vəzifədən azad edilib. Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoruna Eyvaz Bağırov rəhbər və baş memar təyin olunub. O, bundan əvvəl Rayon təsərrüfatı şöbəsində böyük məsləhətçi və memar işləyib. Həmin şöbənin keçmiş müdiri Xaliq Möhbalıyev vəzifəsindən çıxarılıb. Ümid Əsgərov və Rasim Əliyev yeni sektorda müvafiq olaraq böyük məsləhətçi və baş məsləhətçi olublar.
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin yerinə Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsi yaradılıb. Yeni şöbəyə əvvəlki strukturun rəhbəri Elnurə Mansurova başçılıq edəcək. Şöbədə Sənədlərlə və vətəndaş müraciətləri ilə iş, eləcə də İnzibati işlər sektorları təşkil olunub.
Ləğv olunan sosial-iqtisadi inkişaf şöbəsinin müdiri Elnur Abbaszadə əvvəlki vəzifəsindən azad edilərək sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektorunun rəhbəri təyin olunub. Aytən Sultansoy və Şəbnəm Namazova yeni şöbədə məsləhətçi kimi çalışacaq. Digər məsləhətçi Günay Ələkbərova vəzifəsindən azad edilib.
İnzibati işlər sektorunun müdiri və baş mühasibi vəzifəsinə bu işi daha əvvəl də icra etmiş Aygün Qəribova gətirilib. Sektorda aparıcı məsləhətçi və mühasib vəzifəsini Esmira İbrahimova tutacaq.
Hüquq şöbəsi ləğv edilərək Hüquq və kadr məsələləri sektoru yaradılıb. Keçmiş şöbə müdiri Sabir Tahirzadə yeni sektorun rəhbəri təyin olunub. Sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsinin məsləhətçisi olmuş Lalə Ağayeva, eləcə də keçmiş Hüquq şöbəsinin məsləhətçisi Qızqayıt Quliyeva yeni sektorda məsləhətçi vəzifələrinə təyin ediliblər.
İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi və böyük məsləhətçisi Emin Babayev, həmçinin komissiyanın uşaqlarla iş üzrə psixoloqu və aparıcı məsləhətçisi vəzifəsindən azad olunublar.