QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Dövlət Qulluğu Məcəlləsində dövlət qulluğu sertifikatının iki il müddətinə qüvvədə olması nəzərdə tutulub.

Məcəlləyə görə, inzibati vəzifələrə qəbul müsabiqəsi test imtahanı və müsahibə mərhələlərindən təşkil olunur. Test imtahanları müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qurum tərəfindən rübdə ən azı bir dəfə keçiriləcək. İmtahanda iştirak haqqının məbləğini də həmin qurum müəyyən edəcək.

Müsabiqəyə ilk dəfə qatılan şəxslərin, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyənləşdirilən şəxslərin, eləcə də şəhid ailəsi üzvlərinin test imtahanı üçün ödəməli olduğu məbləğ dövlət büdcəsindən qarşılanacaq.

Test mərhələsini uğurla başa vuran namizədə inzibati vəzifə üzrə imtahandan keçdiyini təsdiq edən “Dövlət qulluğu sertifikatı” təqdim ediləcək. Sertifikat iki il qüvvədə qalacaq.

Etibarlı sertifikatı olan şəxs onun qüvvədə olduğu hər il ərzində beş vəzifə üzrə müsahibə mərhələsinə ödəniş etmədən qeydiyyatdan keçə biləcək. Bu saydan artıq vəzifə üçün müsahibəyə qatılma haqqını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum təyin edəcək.

Müsahibələr vəzifənin aid olduğu dövlət orqanı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən birgə təşkil olunacaq. Müsabiqənin yekun balı hesablanarkən sertifikat verən test imtahanında və müsahibədə əldə edilən nəticələrin mümkün ən yüksək ballara nisbətdə faiz göstəriciləri toplanacaq və ikiyə bölünəcək.

Sertifikat tələb edilmədən müsahibəyə buraxılan namizədlər üçün test nəticəsi fərqli qaydada hesablanır: uyğun sayıldıqları vəzifə üzrə sertifikat almaq üçün tələb olunan minimal keçid balının faiz göstəricisi ilə testdə toplana biləcək ən yüksək balın faiz göstəricisi toplanır və ikiyə bölünür. Daha sonra onların müsabiqə nəticələri də ümumi qaydaya əsasən hesablanır. Test və ya müsahibənin nəticəsi etibarsız sayılarsa, yaxud namizəd imtahanda və ya müsahibədə iştirak etməzsə, ödədiyi vəsait qaytarılmayacaq.

İndiyədək qüvvədə olan “Dövlət qulluğu haqqında” qanunla sertifikatın müddəti beş il müəyyən edilmişdi. Həmin sənədə əsasən, şəxs bir neçə sertifikat ala, qüvvədə olduğu hər il beş müsahibəyə ödənişsiz müraciət edə bilərdi; əlavə müsahibələr isə ödənişli idi. Müsahibəni vəzifənin aid olduğu dövlət orqanı təşkil edirdi.

Dövlət Qulluğu Məcəlləsi qüvvəyə minənədək alınmış və etibarlılıq müddəti bitməmiş sertifikatların sahibləri həmin sənədlərin qüvvədə olduğu müddətdə Məcəlləyə uyğun müsahibələrdə iştirak edə biləcəklər.