QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri çərçivəsində iki ölkənin dövlət başçıları birgə bəyanat qəbul ediblər. Sənəd “Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş Katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı” adlanır.
Bəyanatda bildirilib ki, 1992-ci ildə diplomatik münasibətlər qurulandan bəri Azərbaycan və Vyetnam qarşılıqlı etimad, bərabərlik və hörmət prinsipləri əsasında ənənəvi dostluq və çoxşaxəli əməkdaşlıq əlaqələri formalaşdırıblar. Tərəflər bu münasibətlərin hər iki ölkənin rifahına xidmət etdiyini qeyd ediblər.
Dövlət başçıları suverenliyə və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə etməmək, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə əməl etmək prinsiplərini ikitərəfli əlaqələrin təməli kimi vurğulayıblar. Onlar 2025-ci il mayın 7-də qəbul edilən Azərbaycanla Vyetnam arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın prinsiplərinə sadiq olduqlarını da təsdiqləyiblər.
Sənəddə qeyd olunub ki, Azərbaycan Prezidentinin səfəri ənənəvi dostluğun möhkəmlənməsinə və strateji tərəfdaşlığın dərinləşməsinə töhfə verəcək. Tərəflər əməkdaşlığın bir sıra prioritetlərini müəyyənləşdiriblər.
Siyasi və diplomatik sahədə yüksək səviyyəli səfərlərin davam etdirilməsi, müxtəlif səviyyələrdə təmasların artırılması və dövlət qurumları arasında yeni əməkdaşlıq mexanizmlərinin yaradılması imkanlarının araşdırılması nəzərdə tutulur. Parlamentlərarası əlaqələrin genişləndirilməsi, qanunverici orqanların strateji tərəfdaşlığın həyata keçirilməsində rolunun artırılması, eləcə də Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında münasibətlərin inkişafı da razılaşdırılan istiqamətlərdəndir.
İqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığın təşviqi, mövcud ikitərəfli mexanizmlərin səmərəliliyinin yüksəldilməsi planlaşdırılır. Tərəflər kənd təsərrüfatı, meşəçilik və balıqçılıq məhsullarının bazarlara çıxışının asanlaşdırılmasını, aqrar sahədə qabaqcıl texnologiya və təcrübələrin tətbiqini dəstəkləməyi razılaşdırıblar.
Bəyanatda iqlim dəyişikliyi, ətraf mühitin qorunması və yaşıl inkişaf üzrə birgə proqramların icrası, mədənçıxarma və alüminium sənayesində əməkdaşlığın genişləndirilməsi də yer alıb. Neft-qaz əlaqələrinin və enerji məhsullarının təchizatı sahəsində əməkdaşlığın gücləndirilməsi, xam neft və mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü üçün uzunmüddətli razılaşmaların əldə olunması nəzərdə tutulur.
Nəqliyyat sahəsində dəmiryolu, avtomobil, hava və dəniz bağlantıları üzrə təcrübə mübadiləsi aparılacaq. Həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan yararlanmaqla əməkdaşlığın fəal şəkildə təşviqi razılaşdırılıb.
Müdafiə və təhlükəsizlik sahəsində əlaqələrin inkişaf etdirilməsi, hüquq-mühafizə qurumları arasında məlumat və təcrübə mübadiləsinin artırılması planlaşdırılır. Tərəflər mütəşəkkil və transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, kibercinayətkarlıq və digər qarşılıqlı narahatlıq doğuran təhlükələrə qarşı mübarizədə koordinasiyanı gücləndirəcəklər.
Təhsil, mədəniyyət və turizm sahələrində birbaşa uçuşların təşkili təşviq olunacaq. Məqsəd turist səfərlərini, ticarət dövriyyəsini və insanlararası təmasları artırmaqdır. İncəsənət və turizm üzrə əməkdaşlığın genişləndirilməsi, tarixi-mədəni mübadilələrin və qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, eləcə də şəhər və əyalətlər arasında qardaşlaşma əlaqələrinin qurulması nəzərdə tutulur.
Təhsil sahəsində birgə işin səmərəli təşkili, tələbələr üçün qarşılıqlı təqaüdlər, ortaq tədqiqat layihələri və tələbə-tədqiqatçı mübadiləsinin davamlı mexanizmlərinin yaradılması da bəyanatda əksini tapıb.
Çoxtərəfli əməkdaşlıq çərçivəsində tərəflər BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) daxil olmaqla, beynəlxalq və regional qurumlarda əlaqələndirməni və qarşılıqlı dəstəyi artırmağı, həmçinin Azərbaycanla ASEAN və onun üzvləri arasındakı münasibətləri inkişaf etdirməyi razılaşdırıblar.