QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli noyabrın 21-də Yeni Dehlidə Pakistanın federal naziri Musadik Masud Maliklə görüşüb. Görüş Şanxay Əməkdaşlıq Təşkilatının Sivilizasiyalararası Dialoq Forumu çərçivəsində baş tutub. Malik Pakistanın iqlim dəyişikliyi və ətraf mühitin koordinasiyası üzrə federal naziri olmaqla yanaşı, ölkə nümayəndə heyətinə rəhbərlik edir.

Tərəflər söhbət zamanı Azərbaycanla Pakistan arasında humanitar və mədəni əlaqələrin uğurla inkişaf etdiyini qeyd ediblər.

Görüşdə Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü “İqlim naminə mədəniyyət” (“Culture for Climate”) təşəbbüsü də müzakirə olunub. Təşəbbüsün dayanıqlı inkişafı və iqlim fəaliyyətini təşviq etmək məqsədilə mədəniyyətin rolunu artırmağa yönəldiyi bildirilib.

Həmçinin mədəniyyətin iqlim dəyişikliyi ilə mübarizədəki əhəmiyyəti və mədəni irsi iqlim risklərindən qorumaq üçün beynəlxalq əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.