QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Elçin Babayevin 2019-cu ildə Çexiyaya səfər edərək Eldar Həsənovla qapalı görüş keçirdiyi bildirilir.
Həmin ilin sentyabrında BDU-nun 100 illiyinə həsr olunan tədbirlər çərçivəsində rektor Babayevin başçılıq etdiyi nümayəndə heyəti Avstriyanın paytaxtı Vyanaya gedib. Yubiley mərasimində Babayev də çıxış edib. Məlumata əsasən, o, səfər proqramında nəzərdə tutulmayan Çexiyaya yollanaraq həmin vaxt Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı səfiri olan Eldar Həsənovla görüşüb. Həsənov hazırda həbsdədir.
Bildirilir ki, görüş təsadüfi olmayıb və Babayev Prezident Administrasiyasının keçmiş rəhbəri, dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin tapşırığı ilə Həsənovla bir araya gəlib. Babayevin Mehdiyevin kadrı olduğu və onun dəstəyi ilə BDU-ya rektor təyin edildiyi də iddia edilir. Babayev 19 noyabr 2026-cı ildə vəzifəsindən azad olunub.
Mənbə Ramiz Mehdiyevin uzun müddət Prezident Administrasiyasına rəhbərlik etdiyini və cinayət əməllərinin ötən il üzə çıxarıldığını qeyd edir. Dövlət Təhlükəsizliyi Xidməti onun dövlət çevrilişinə cəhdlə bağlı səs yazılarını yayıb.
Ötən ay elan olunmuş hökmlə Mehdiyev hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdə, dövlətə xəyanətdə, cinayət yolu ilə əldə edilən vəsaitlərin leqallaşdırılmasında və külli miqdarda rüşvət almaqda təqsirli bilinib. Yaşı və səhhəti nəzərə alınaraq ona 14 il şərti cəza verilib. Həmçinin dövlət təltiflərindən məhrum edilməsi üçün təqdimat göndərilməsi və üzərinə həbs qoyulan əmlakın müsadirəsi barədə qərar qəbul olunub.