QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Osmanlı dekabrın 5-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək “UFC Saudi Arabia” turnirində mübarizə aparacaq.

Osmanlı jurnalistlərə hazırlıq prosesinin yaxşı getdiyini və özünü yaxşı hiss etdiyini bildirib. Onun sözlərinə görə, son döyüşündən sonra Azərbaycana gəlmək istəyib, lakin həmin qarşılaşmada diskvalifikasiya olunduqdan sonra növbəti döyüş təklifini qəbul edib. İdmançı o qarşılaşmanı özü üçün qələbə saydığını deyib.

Döyüşçü final mərhələsinə qədər irəliləməyin hər kəsə nəsib olmadığını vurğulayıb. Növbəti qarşılaşmada dizini qorumağa daha çox diqqət yetirəcəyini qeyd edən Osmanlı, ağır hazırlıq keçdiyini və karyerasının ən yaxşı formasında olduğunu söyləyib.

61 kiloqram çəki dərəcəsində “ANB Arena”da moldovalı Pavel Andruska ilə üz-üzə gələcək idmançı rəqibini səbirli və ağıllı döyüşən güclü rəqib kimi xarakterizə edib. Osmanlı hesab edir ki, Andruska onunla ayaqüstə döyüşmək əvəzinə güləşməyə cəhd göstərəcək. Özünün həm güləş, həm də zərbə texnikasının güclü olduğunu deyən döyüşçü qələbəyə inandığını və rəqibinə ilk məğlubiyyətini yaşadacağını bildirib.

Osmanlı Nurməhəmmədov qardaşları ilə Merab Dvalişvili arasında yaranmış mübahisəyə də münasibət bildirib. O, baş verən hərəkəti düzgün saymadığını, lakin tərəflərin danışaraq məsələni yoluna qoyduğunu qeyd edib.

“Ineffable” ləqəbli 22 yaşlı döyüşçünün peşəkar MMA rekordunda 12 qələbə və iki məğlubiyyət var. O, UFC-dəki yeganə döyüşünü məğlubiyyətlə başa vurub. Pavel Andruskanın hesabında isə doqquz qələbə var və o, indiyədək uduzmayıb; UFC-də bir dəfə qalib gəlib.