QafqazNews Manset.az-a istinadən xəbər verir ki, “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib. Təkliflər məhkəmə əmri ilə bağlı ərizələrə və məhkəmə qərarlarından şikayətlərə görə ödənilən rüsumların hesablanma qaydasını dəyişir.
Layihəyə əsasən, məhkəmə əmri verilməsi üçün ərizə təqdim edilərkən tutulan rüsumun 100 manatdan 25 manata endirilməsi nəzərdə tutulur. Qiymətləndirilən iddialarda apellyasiya, kassasiya və əlavə kassasiya şikayətləri üzrə rüsum isə iddianın yalnız mübahisə predmetinə çevrilən hissəsinə əsasən müəyyənləşdiriləcək.
Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev bildirib ki, hazırda məhkəmə əmri haqqında ərizəyə görə 100 manat, iddia dəyəri 1000 manatadək olan qiymətləndirilən iddia ərizəsinə görə isə 30 manat dövlət rüsumu ödənilir.
Onun sözlərinə görə, əmr icraatında rüsumun iddia icraatındakından yüksək olması bu hüquqi mexanizmi praktik baxımdan az cəlbedici edib. Beləliklə, mülki işlərdə qiyməti 5000 manatadək, kommersiya mübahisələrində isə 10000 manatadək olan mübahisəsiz tələblərlə bağlı müraciət edənlər sadələşdirilmiş icraatı seçməyə məcbur qalırlar. Hacıyev qeyd edib ki, hüquqi mübahisənin olmadığı hallarda da işin mahiyyəti üzrə araşdırılması əlavə resurs sərfiyyatına və məhkəmələrin yükünün artmasına gətirib çıxarır.
Kollegiya sədri şikayətlərin dövlət rüsumunun hesablanması qaydasına dair dəyişikliklərin də əhəmiyyətini vurğulayıb. Onun bildirdiyinə görə, məhkəmə aktının yalnız müəyyən hissəsinə etiraz olunduğu halda rüsumun iddianın qalan hissəsini də əhatə etməsi hüquqi müdafiə vasitəsi ilə ondan istifadə şərtləri arasındakı tarazlığı pozur. Bu yanaşma şikayət hüququnu formal olaraq saxlayır, lakin ondan real və mənalı şəkildə yararlanmağa mane olur.
Təklifə görə, qiymətləndirilən iddialarda rüsum mübahisələndirilən hissənin dəyəri ilə hesablanacaq. Qiymətləndirilməyən iddialar üzrə isə müəyyən edilmiş dövlət rüsumunun yarısı tutulacaq. Hacıyev bu qaydanın hüquqi müəyyənliyə və tərəflər üçün ədalətli, mütənasib rüsum yükünün yaradılmasına xidmət edəcəyini bildirib.
Sənan Hacıyevin sözlərinə görə, əmr icraatına görə ödənişin azaldılması sosial baxımdan həssas qrupların, eləcə də onlarla mülki-hüquqi münasibətlərdə olan sahibkarların ədalət mühakiməsinə çıxışını genişləndirəcək və iqtisadi dövriyyənin daha çevik aparılmasına imkan verəcək.
O əlavə edib ki, dəyişikliklər məhkəmə sisteminin səmərəliliyinin yüksəlməsinə, işlərə daha operativ baxılmasına və hakimlərin iş yükünün daha məqsədəuyğun bölüşdürülməsinə şərait yarada bilər. Hakimlərin vaxtı və peşəkar imkanları daha mürəkkəb hüquqi mübahisələrin həllinə yönəldilə bilər.
Hacıyev həmçinin bildirib ki, aşkar və mübahisəsiz tələblər üçün nəzərdə tutulan əmr icraatının cəlbediciliyinin artırılması müasir informasiya texnologiyalarının bu sahədə tətbiqinə institusional və texniki zəmin yaradacaq. Bu addım məhkəmə icraatında vahid yanaşmanın, operativliyin və keyfiyyətin yüksəldilməsinə də töhfə verə bilər.