QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, ABŞ-nin Missisipi ştatının sahil sularında yüngülmühərrikli təyyarənin qəzaya uğraması altı nəfərin ölümünə səbəb olub.

ABŞ Sahil Mühafizəsi Xidmətinin açıqlamasına görə, itkin düşənlərin axtarışı tərəfdaş qurumlarla birgə başa çatdırılıb. Dalğıclar Horn adasından təxminən 2 mil (3,2 km) məsafədə suya düşmüş təyyarədəki altı nəfərin meyitini aşkar ediblər.

Noyabrın 24-də “Cessna 210” təyyarəsi ilə aviastansiya arasında əlaqə itib. Yerli vaxtla saat 15:45-də, Bakı vaxtı ilə noyabrın 25-də saat 01:45-də, Sahil Mühafizəsinə hava gəmisinin itməsi barədə siqnal çatıb. Bundan sonra təxminən dörd saat davam edən axtarış-xilasetmə işi aparılıb.

Rəsmi qurum sərnişinlərin kimliyi barədə məlumat açıqlamayıb. Yerli mətbuatın məlumatına əsasən, ölənlərin dördü böyük, ikisi uşaq olub. Onların meyitləri suyun dibində qalan təyyarənin gövdə hissəsində tapılıb.