QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Prezident İlham Əliyev atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı sərəncam imzalayıb.

Sənəd atmosfer havasının keyfiyyətini yüksəltmək, çirklənmənin insan sağlamlığına və təbiətə mənfi təsirlərini azaltmaq, insanların sağlam mühitdə yaşamaq hüququnu qorumaq, həmçinin Azərbaycanın ətraf mühit və iqlim sahəsində beynəlxalq öhdəliklərini və milli hədəflərini yerinə yetirmək məqsədi daşıyır.

Sərəncama əsasən, 1997-ci il 30 apreldə Prezidentin 560 nömrəli sərəncamı ilə yaradılmış İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzrə Dövlət Komissiyası 2028–2035-ci illəri əhatə edən milli fəaliyyət planının layihəsini hazırlamalıdır. Komissiya sənədi 2027-ci il noyabrın 1-dək Prezidentə təqdim etməlidir.

Layihədə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dəki təmiz ətraf mühit və “yaşıl artım” istiqamətləri Paris Sazişinin, COP29-un nəticələrinin, Azərbaycanın “Yenilənmiş, 3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” sənədinin və “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası”nın hədəfləri ilə uzlaşdırılmalıdır. Milli Prioritetlər 2021-ci il 2 fevral tarixli 2469 nömrəli sərəncamla təsdiqlənib.

Fəaliyyət planı üçün havanın hazırkı vəziyyəti, əsas çirklənmə mənbələri və bunun sağlamlığa, ətraf mühitə təsirləri qiymətləndirilməlidir. Monitorinq sisteminin təkmilləşdirilməsi, zərərli maddə və fiziki təsirlərin, eləcə də onların mənbələrinin uçotunun gücləndirilməsi nəzərdə tutulur. Transsərhəd çirklənmə ilə bağlı məlumat mübadiləsi də beynəlxalq standartlara uyğunlaşdırılmalıdır.

Sənəddə iqtisadi sahələrdən atmosferə atılan zərərli maddələrin azaldılması tədbirlərinin və ekoloji standartların müəyyənləşdirilməsi, qabaqcıl texnologiyaların və rəqəmsal nəzarətin tətbiqi də yer alır. Şəhərsalma zamanı hava keyfiyyətinin nəzərə alınması, iri şəhərlərdə çirklənmə səviyyəsinə görə zonalaşdırma və yüksək çirklənmiş ərazilər üçün əlavə tədbirlər planı hazırlanması tapşırılır.

Layihədə iqtisadi stimullar, yaşıl maliyyələşmə və dövlət-özəl tərəfdaşlığı imkanları qiymətləndirilməli, həmçinin əhalinin hava keyfiyyəti barədə məlumatlara çıxışı genişləndirilməlidir.