QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Bolqarıstan Ukraynaya 2027-ci ildə ayrılması planlaşdırılan 45 milyard avroluq yeni kreditin yalnız qeyri-hərbi hissəsinə zəmanət verəcək. Baş nazir Rumen Radev bu barədə Brüsseldə keçirilən fövqəladə Avropa İttifaqı Liderlər Zirvəsi zamanı jurnalistlərə danışıb.
Radev ölkəsinin hərbi yardımların maliyyələşdirilməsinə qoşulmayacağını bildirib. “45 milyard avroluq yeni kreditin yalnız 20 milyard avroluq qeyri-hərbi hissəsinə zamin duracağıq. Biz töhfə verəcəyik. Amma təkrar edirəm: Bolqarıstandan silah üçün pul yoxdur, Ukraynadakı müharibə üçün pul yoxdur”, – deyə o vurğulayıb.
Baş nazir ayrılacaq vəsaitin Ukraynada etnik bolqarların sıx məskunlaşdığı ərazilərə yönəldilməsini istədiklərini qeyd edib. Onun sözlərinə görə, həmin ölkədə 300 mindən artıq insan Bolqarıstanın tarixi icmasına daxildir. Bu bölgələrdə səhiyyə, istilik, elektrik təchizatı və nəqliyyat üzrə əhəmiyyətli dəstəyə ehtiyac var.
Bolqarıstan daha əvvəl Ukrayna üçün nəzərdə tutulan, ümumi məbləği 90 milyard avro olan iki kreditə zamin durmağa razılaşmışdı. Sofiya həmin kreditlərin faizlərinin Avropa İttifaqı büdcəsindən ödənilməsinə də töhfə verməyi qəbul etmişdi.