QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, “Qalatasaray”ın futbolçusu Viktor Osimhen sol dizindən əməliyyat olunub və təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacaq.

Klubun məlumatına görə, 27 yaşlı hücumçu UEFA Çempionlar Liqasında “Ştutqart”la matçda dizindən zədələnib. Müayinə zamanı dizində sərbəst fraqment aşkarlanan futbolçu noyabrın 7-də artroskopik əməliyyat keçirib. Müdaxilə Maslak Acıbadem Xəstəxanasında, klub həkimi Yener İncənin nəzarəti ilə həyata keçirilib.

“Qalatasaray”ın tibbi heyəti müalicə və reabilitasiyadan sonra Osimhenin noyabrın 24-də “Aston Villa” ilə keçiriləcək Çempionlar Liqası oyununa hazır olmasını planlaşdırır.

Zədəli futbolçu “Amed Sportif Faaliyetler”ə qarşı görüşdə iştirak edə bilməyəcək. O, milli komandaların oyunları ilə bağlı fasilədən sonra baş tutacaq “Samsunspor”la matçı da buraxacaq.

Osimhen bu mövsüm “Qalatasaray”ın heyətində 11 oyuna çıxıb. Nigeriyalı hücumçu həmin qarşılaşmalarda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.