QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Roma Papası Fransiskin 1992–2024-cü illərdə yazdığı gündəlik kitab şəklində nəşr edilib. 1960-cı illərdən sonra ilk dəfə bir papanın şəxsi qeydlərinin ictimaiyyətə təqdim olunması Katolik dünyasında və beynəlxalq mediada geniş maraq doğurub.
Kitabda yer alan 2021-ci il qeydlərindən birində Fransisk həyatı boyu şeytanı üç dəfə gördüyünü yazıb. Onun bildirdiyinə görə, qarşılaşmalar avtomobildə, dini ayin zamanı xorun olduğu yerdə və Vatikan rəsmiləri ilə keçirilən toplantıda baş verib. Papa həmin anlarda şeytanın “təhdidedici” baxışlarını və qalın, boğuq səsini unutmadığını qeyd edib.
Buenos-Ayres arxiyepiskopu olduğu vaxt Karmelit kilsəsində yaşadığı başqa bir qarşılaşmanı isə “Mənə alov-alov yanan gözlərlə baxdı, əvvəlkindən daha kəskin idi” sözləri ilə təsvir edib.
Gündəlikdə Fransiskin 2018-ci ilin iyununda yatmağa hazırlaşarkən “cəhənnəmin qapılarını gördüyü” barədə də yazılıb. O, gördüklərindən çox qorxduğunu və üzərində xaç olan təsbehi silah kimi istifadə etdiyini bildirib. Qeydlərdə “Cəhənnəmin qapılarına yaxınlaşmaq təhlükəlidir, çünki alovlar püskürüb sizi yandıra bilər” ifadəsi yer alıb.
Katolik Kilsəsinə 12 il rəhbərlik edən argentinalı Papa 2018-ci ildə Çiliyə səfəri ilə bağlı peşmanlığını da gündəliyində açıqlayıb. Səfər zamanı bir rahibin cinsi istismarını ört-basdır etməkdə ittiham olunan yepiskopu müdafiə etdiyinə görə Fransisk sərt tənqidlərə məruz qalmışdı. O, 2021-ci il qeydlərində Çilidə baş verənləri qəbul etməyin çətin olduğunu və məsələnin bu qədər ciddi olduğunu əvvəlcədən anlamadığını yazıb.
2013-cü ildə Papa seçilən Fransisk 21 aprel 2025-ci ildə vəfat edib.