QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, sabiq baş nazir Pənah Hüseyn deputat Siyavuş Novruzovun 1993-cü ildə Kəlbəcərin işğalı ərəfəsində İsa Qəmbər və Əli Kərimlinin rayonda toy mərasimində iştirak etməsi ilə bağlı açıqlamasını həqiqətə uyğun saymır.

Novruzov Milli Məclisdəki çıxışında həmin vaxt Ali Sovetin sədri olan İsa Qəmbərin və dövlət katibi Əli Kərimlinin Kəlbəcərin icra başçısının toyuna qatılmaq üçün rayonda bir həftə qaldığını, bunun ardınca rayonun işğal edildiyini bildirib.

Hüseyn isə deyib ki, Kəlbəcərin işğalına bir həftə qalmış nə Qəmbər, nə də Kərimli orada olub. Onun sözlərinə görə, bu iki şəxs birlikdə Kəlbəcərdə olmayıb. Sabiq baş nazir Qəmbərin mühasirə dövründə Murov yolunun açılması zamanı həmin marşrutla ilk keçənlər arasında olduğunu, bunun, səhv etmirsə, 1992-ci ildə baş verdiyini söyləyib.

Pənah Hüseyn Novruzovun açıqlamanı İsa Qəmbərin xaricə buraxılmaması və Əli Kərimlinin məhkəməsi barədə müzakirələrdən diqqəti yayındırmaq məqsədilə səsləndirdiyini ehtimal edib. O, bunu “çox aşağı keyfiyyətli anti-təbliğat” adlandırıb.

Hüseynin bildirdiyinə görə, Kəlbəcərin mühasirədə olduğu vaxt parlament sədrinin rayona getməsi yerli əhalini işğalçıya qarşı mübarizədə ruhlandırmaq və bir araya gətirmək baxımından əhəmiyyət daşıyıb. Toyun dəqiq tarixini xatırlamadığını deyən sabiq baş nazir tədbirin, onun fikrincə, 1992-ci ildə keçirildiyini qeyd edib.

O əlavə edib ki, həmin dövrdə Ağdərə yolu açıq idi. Təhlükəli şəraitdə bu yolla getmək Azərbaycan tərəfinin gücünü düşmənə göstərməklə yanaşı, yerli sakinlərə ruh və inam verib.