QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Dmitri Peskov Avropa ilə razılıq əldə edilmədiyi halda Rusiyanın qarşıya qoyduğu məqsədlərə güc tətbiq etməklə çatacağını deyib. O, bu barədə “Vesti” informasiya agentliyinə müsahibəsində danışıb.

Rusiya prezidentinin mətbuat katibinin sözlərinə görə, Ukrayna münaqişəsinin nizamlanması Avropanın təhlükəsizliyi məsələsindən ayrı nəzərdən keçirilə bilməz. Peskov gələcəkdə Avropa tərəfi ilə müxtəlif mövzuların müzakirəsinin zəruri olacağını bildirib.

“Əlbəttə, müəyyən mərhələdə bu məsələləri avropalılarla müzakirə etmək lazım gələcək. Məsələ ondadır ki, əgər onlar həqiqətən sülh istəmirlərsə, belə müzakirələrin faydası olmayacaq. Bu halda razılığa gəlmək mümkün olmadıqda, məqsədimizə güc yolu ilə nail olmalı olacağıq”, – deyə Peskov bildirib.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin ABŞ nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerlə görüşündə Moskvanın Avropa ilə dialoqa qarşı olmadığını və onu dayandırmadığını söyləmişdi. Putinin iddiasına görə, dialoqu dayandıran Avropa tərəfidir.