QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən COP31-də Azərbaycan pavilyonunda təşkil olunan panel iclasda iştirak edib. Tədbir “Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarının genişləndirilməsi” mövzusuna həsr olunub.
Açılışda çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri qadınların cəmiyyətdəki rolundan, onların imkanlarının inkişaf etdirilməsinin vacibliyindən danışıb. Əliyeva türk dövlətləri arasında bu sahədə əməkdaşlığın artırılmasının əhəmiyyətini də vurğulayıb.
O, IDEA İctimai Birliyinin layihələrində qadınların fəal iştirakına diqqət çəkib və xüsusilə bölgələrdə həyata keçirilən təşəbbüslərin qadınlar üçün yeni imkanlar yaratdığını bildirib.
Paneldə Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, eləcə də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva çıxış ediblər.
Müzakirələrdə iqlim dəyişikliyinə qarşı mübarizədə qadınların iqtisadi fəallığının yüksəldilməsi, investisiyalara çıxışının genişləndirilməsi və qərarların qəbulunda iştirakının təmin olunması ön plana çıxıb. Türk dünyasından olan qadın sahibkarlar arasında əməkdaşlığın, təcrübə paylaşımının və innovativ birgə təşəbbüslərin inkişaf etdirilməsinin vacibliyi də qeyd edilib.