QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Leyla Əliyeva noyabrın 14-də COP31 çərçivəsində ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliklə görüşüb. Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəridir. Görüş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası çərçivəsində keçirilib.
Tərəflər IDEA İctimai Birliyi ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçiriblər. Müzakirələrdə azərbaycanlı gənclərin ətraf mühitin qorunması və dayanıqlı inkişaf sahələrində beynəlxalq təcrübə əldə etməsi üçün yeni imkanların yaradılması da yer alıb.
Məktəblərdə ekoloji maarifləndirmənin artırılması, yaşıllıq işləri, tullantıların çeşidlənməsi, suya qənaət və enerjidən səmərəli istifadə üzrə ortaq təşəbbüslər barədə fikir mübadiləsi aparılıb. Həmçinin gənclərin iştirakı ilə Azərbaycanda beynəlxalq ekoloji yay düşərgələrinin keçirilməsi və biomüxtəlifliyin qorunmasına dair birgə maarifləndirmə layihələrinin reallaşdırılması müzakirə olunub.
Görüşdə gənclərin ekoloji innovasiyalar sahəsində fəaliyyətinə dəstək məsələsi də diqqət mərkəzində olub. Hava çirklənməsi, tullantıların idarə edilməsi, su ehtiyatlarının mühafizəsi və iqlim dəyişmələrinə uyğunlaşma üçün innovativ həllərin hazırlanmasına yönələn birgə işlərin perspektivləri nəzərdən keçirilib.
Həmin gün Leyla Əliyeva “Blue Marine” Fondunun mühafizə olunan dəniz əraziləri üzrə qlobal eksperti Maks Bello və “Great Whale Conservancy” təşkilatının təsisçisi və icraçı direktoru Maykl Fişbaxla da görüşüb. Söhbət zamanı Xəzər dənizinin səviyyəsinin enməsinin ekosistemə, biomüxtəlifliyə və sahilyanı ərazilərə təsiri, eləcə də ekoloji problemlərin aradan qaldırılması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi müzakirə edilib.
Tərəflər Azərbaycanda mühafizə olunan dəniz ərazilərinin artırılması, Xəzər suitilərinin və digər nadir dəniz canlılarının, həmçinin onların təbii yaşayış məkanlarının qorunması barədə fikir bölüşüblər. Bu sahədə beynəlxalq təcrübə mübadiləsi və əməkdaşlıq imkanları da nəzərdən keçirilib.
Noyabrın 14-də Tonqanın Baş naziri Lord Fatafehi Fakafanuan da COP31-də Azərbaycan pavilyonuna baş çəkib. Ona pavilyondakı stendlər və nümayiş etdirilən layihələr haqqında məlumat verilib.