QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Rusiya hava hücumundan müdafiə qüvvələri son 24 saat ərzində Ukraynaya məxsus 903 pilotsuz uçuş aparatını və dörd uzaqmənzilli, idarəolunan “Neptun” raketini vurub.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, hava hücumundan müdafiə sistemləri iki idarəolunan aviasiya bombasını da zərərsizləşdirib. Nazirlik Rusiya qüvvələrinin Ukraynaya aid radiolokasiya stansiyasını məhv etdiyini də bəyan edib.
Məlumata görə, zərbələr sursat anbarlarına, yerüstü robot sistemləri və PUA-ların saxlanıldığı, istehsal olunduğu məntəqələrə, eləcə də Ukrayna hərbçiləri ilə xarici muzdluların müvəqqəti yerləşdiyi mövqelərə endirilib.
Rusiya Müdafiə Nazirliyi son sutkada Ukrayna ordusunun təxminən 1 155 hərbçi itirdiyini iddia edib. Açıqlamaya əsasən, Şimal qoşun qruplaşmasının məsuliyyət zonasında 150-dən çox, Qərb istiqamətində 220-dən çox, Cənubda 200-dək, Mərkəzdə 345-dək, Şərqdə 205-dək, Dnepr istiqamətində isə 35-dək hərbçi zərərsizləşdirilib.
Nazirliyin açıqladığı rəqəmlər müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.