QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa ölkələrinin Ukraynada xarici qüvvələrin yerləşdirilməsinə hazırlıq təlimlərinin sülh danışıqlarında iştirak etməməli olduqlarını göstərdiyini bildirib.
Zaxarova yazılı açıqlamasında Avropa ölkələrinin noyabrın 9-dan 22-dək “Koalisiya 26.2” adı ilə keçirəcəyi hərbi təlimlərə münasibət bildirib.
Onun sözlərinə görə, Böyük Britaniya və Fransa Ukraynada çoxmillətli hərbi qüvvələr yerləşdirərək Rusiyaya qarşı dayaq yaratmaq və Moskvaya hərbi məğlubiyyət yaşatmaq istəyir.
Zaxarova xarici qüvvələrin Ukrayna ərazisində yerləşdirilməsini Rusiya üçün qətiyyən qəbulolunmaz adlandırıb və bunun mahiyyətcə hərbi müdaxilə olacağını deyib. O vurğulayıb ki, qüvvələrin hansısa koalisiya və ya başqa qurumun tərkibində göndərilməsi Moskvanın mövqeyinə təsir göstərməyəcək.
Rusiya XİN-in sözçüsü Ukraynada yerləşdiriləcək hər bir xarici hərbi qüvvənin Rusiya Silahlı Qüvvələri tərəfindən legitim hədəf sayılacağı barədə xəbərdarlıq edib.
Zaxarova Avropa ölkələrinin təlimlərinin Rusiya, ABŞ və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşdən əvvəl başlanmasına da diqqət çəkib. O bildirib: “Bu, avropalıların danışıqlar masasında yerinin olmadığını bir daha təsdiqləyir”.
Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin üçtərəfli danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirməsi planlaşdırılır. ABŞ-nin vasitəçiliyi ilə təşkil olunacaq görüşlərdə müharibədən sonrakı təhlükəsizlik təminatları, gərginliyin azaldılması, humanitar məsələlər və sülhə nail olmaq üçün atılacaq addımlar müzakirə ediləcək.