QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə həyat bahalılığına etiraz olaraq keçirilən kütləvi aksiyada 46 minə yaxın insan iştirak edib.

Nümayişə həmkarlar ittifaqlarının, tələbə birliklərinin və gənclər təşkilatlarının təmsilçiləri də qatılıblar. “Sarı jiletlər” hərəkatının tərəfdarları ayrıca aksiya keçirmək niyyətində olsalar da, hökumət buna icazə verməyib.

Təhlükəsizlik tədbirləri çərçivəsində Fransa üzrə təqribən 70 min polis və jandarm əməkdaşı səfərbər olunub. Paytaxtda ictimai nəqliyyatın işi məhdudlaşdırılıb, bəzi metro stansiyaları bağlanıb.

Fransada etiraz dalğası sentyabrın ortalarında təhsil müəssisələrindəki vəziyyətə narazı olan məktəblilərin aksiyaları ilə başlayıb. Daha sonra qiymətlərin yüksəlməsinə və həyat səviyyəsinin pisləşməsinə etiraz edən vətəndaşlar da nümayişlərə qoşulublar.

Ən böyük aksiya oktyabrın 17-də baş tutub. Fransa Daxili İşlər Nazirliyinin açıqlamasına görə, həmin gün küçələrə təxminən 550 min nəfər çıxıb. Əvvəlki nümayişlərdə polis və etirazçılar arasında qarşıdurmalar yaşanıb. Hüquq-mühafizə əməkdaşları gözyaşardıcı qaz, səs qumbaraları və su şırnaqlarından istifadə ediblər.