QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, endokrinoloq Aleksandr Farmanov xroniki yuxusuzluğun arıqlamağa mane ola biləcəyini bildirib. Onun sözlərinə görə, yuxunun yetərsiz olması aclıq hissini və şirniyyata marağı artıra bilər.
Aclıq və toxluq siqnallarının tənzimlənməsində iştirak edən qrelin və leptinin fəaliyyəti yuxu çatışmazlığından təsirlənir. Qrelin beyinə qida qəbul etmək barədə siqnal göndərir, leptin isə bədənin kifayət qədər enerji aldığını xəbər verir.
Həkim qeyd edib ki, yuxusuzluq bu hormonların tarazlığını poza və insanın qidalanma rejimi dəyişməsə belə, daha çox yemək istəyinə səbəb ola bilər. Bu vəziyyət şirniyyat, un məmulatları və kalorisi yüksək qidalara marağı da gücləndirir.
Farmanovun sözlərinə görə, yuxu azlığı özünənəzarəti zəiflədərək qəlyanaltı yeməyə meyli artıra bilər.
Keyfiyyətli yuxu üçün kifayət qədər istirahət vaxtı ayırmaqla yanaşı, yataq otağının şəraitinə də fikir vermək lazımdır. Pəncərədən gələn işıq, kənar səslər, havasızlıq və narahat yataq yuxunun keyfiyyətini aşağı sala bilər.