QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, valideyn himayəsindən məhrum şəxslərin təhsil müddətində 23 yaşına çatması sosial təminatların davamı ilə bağlı hüquqi suallar yaradır. Məsələ əyani təhsil alan ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələrinə aiddir.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov sosial şəbəkədə bu tələbələrin hüquqlarını gündəmə gətirib. “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsi həmin şəxslər üçün müəyyən imtiyaz və güzəştləri nəzərdə tutur. Müəyyən edilmiş qaydalar daxilində davamiyyətdən asılı olmayaraq artırılmış təqaüd ödənilir, təhsil başa çatdıqdan sonra isə birdəfəlik müavinət verilir.
Məmmədovun diqqətə çatdırdığına görə, qanun təhsilini davam etdirərkən 23 yaşına çatan, lakin hələ məzun olmayan şəxslərin vəziyyətini aydın müəyyənləşdirmir. Bu səbəbdən yaş həddi tamamlanan kimi sosial təminatların kəsilməsi riski yaranır. Bəzi tələbələrin 23 yaşı təhsillərinin başa çatmasına bir neçə ay, hətta bir gün qalmış tamamlanır. Məmmədov qeyd edib ki, dəstəyin məqsədi bu gənclərin təhsilinə və müstəqil həyata başlamasına kömək etməkdirsə, yaşın təhsil vaxtı tamamlanması təminatların dayandırılmasına nə dərəcədə əsas verir?
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov məsələni həll etməyin vacib olduğunu bildirib. Onun sözlərinə görə, mövzu hazırda parlamentin gündəliyində olmasa da, ciddi və aktual problem olaraq qalır. Deputat gələcəkdə məsələyə diqqətlə yanaşaraq çıxış yolu tapmağın, eləcə də yaranan çətinliyin qarşısını almaq üçün addımlar atmağın vacibliyini vurğulayıb. O, Elm və Təhsil Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də problemin həllini diqqətdə saxlamalı olduğunu söyləyib.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qanunvericiliyin tətbiqində təhsilin davamlılığı və sosial ədalət prinsiplərinin əsas götürülməli olduğunu deyib. O bildirib ki, 23 yaşın təhsil prosesi gedərkən tamamlanmasının hüquqi nəticələri dəqiq tənzimlənmədiyindən, təhsilin sonuna az qalmış sosial təminat, güzəştlər və birdəfəlik məzunluq müavinəti barədə qeyri-müəyyənlik yaranır.
Orucovun fikrincə, yaş həddi təhsil davam etdiyi vaxt tamamlanan şəxslər üçün keçid mexanizminin yaradılması məqsədəuyğundur. Belə qayda təhsilin yarımçıq qalması ehtimalını azalda və məzunluq dövründə sosial müdafiəni gücləndirə bilər. O, hüquqi aydınlığın təmin olunmasının sosial ədalət və humanizm prinsiplərinin tətbiqinə də töhfə verəcəyini bildirib.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev qanunun müvafiq müddəalarının birlikdə nəzərdən keçirilməli olduğunu vurğulayıb. O qeyd edib ki, qanunda 23 yaş həddi göstərildiyindən təminatların dayandırılması zamanı bu norma əsas götürülür. Bununla yanaşı, 5-ci maddədə təhsil müəssisəsi bitirilənədək tam dövlət təminatı nəzərdə tutulur. Nuriyevin sözlərinə görə, müddəalar arasındakı qeyri-müəyyənlik onların tətbiqində mübahisələr doğurur.
Hüquqşünas artıq yaranmış ödəniş tələbi ilə təminat hüququnun davam etməsini fərqli məsələlər kimi qiymətləndirir. Onun fikrincə, 23 yaşına çatmış şəxs məzun olduqdan sonra müavinətin köçürülməsinin gecikməsi həmin hüququ aradan qaldırmamalıdır. Nuriyev, həmçinin “bütün sosial müavinətlər dayandırılır” ifadəsinin də dəqiqləşdirilməsini vacib sayır: başqa əsaslarla alınan ödənişlər bu qanundakı yaş həddinə görə avtomatik kəsilməməlidir.
Nuriyev hesab edir ki, müvafiq hüququ 23 yaş tamamlanmadan əldə etmiş tələbənin həmin vaxt oxuduğu proqram üzrə təminatları normativ təhsil müddətinin sonunadək saxlanmalıdır. Məzunluq müavinətinin yaşdan asılı olmayaraq ödənilməsi ayrıca göstərilməli, dəyişikliklər nəzərə alınaraq təhsil haqqının ödənilməsi normaları və tətbiq qaydaları da uyğunlaşdırılmalıdır.