QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, yoqa ustası Sahib Xudaverdiyev dünyada ciddi nəticələr doğura biləcək prosesin başladığını deyərək Hindistandan Azərbaycana qayıtdığını açıqlayıb.

O, sosial şəbəkədəki paylaşımında gecə Hindistanı tərk edəcəyini bildirib. Xudaverdiyevin sözlərinə görə, tanışları bu barədə məlumat eşitmədiklərini söyləyiblər. O, başladığını iddia etdiyi hadisənin COVID pandemiyasından da ağır nəticələrə səbəb ola biləcəyini qeyd edib.

Xudaverdiyev narahatlıq doğuran hallar sırasında ABŞ-da təyyarə reyslərinin dayandırılmasını, bank sistemindəki problemləri, “Microsoft” sisteminin çökməsini və gəmiçiliklə bağlı hadisələri sadalayıb. Onun iddiasına əsasən, insanlar olduqları yerlərdən öz ölkələrinə dönməyə çalışırlar.

ABŞ-da uçuşların müvəqqəti dayandırılması, “Microsoft” sistemində qlobal nasazlıq və bəzi bankların işində yaranan problemlər baş verib. Bununla belə, həmin hadisələrin əlaqəli olduğu və ya qlobal fəlakətin başlanğıcını təşkil etdiyi barədə təsdiqlənmiş məlumat yoxdur. Bildirilib ki, problemlər artıq aradan qaldırılıb.