QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, astrologiya və numerologiyada ilin dörd ayında doğulanların liderlik keyfiyyətləri, təşəbbüskarlığı və başqalarına yol göstərmək bacarığı ilə fərqləndiyi iddia olunur.

Bu barədə “Parade” jurnalı yazıb. Söhbət yanvar, aprel, avqust və dekabr aylarında dünyaya gələnlərdən gedir. Onların qərarlılığı və özünəinamı ilə yanaşı, fikirlərini müdafiə edib ətrafdakıları inandıra bildikləri qeyd olunur.

Yanvar

Yanvarda doğulanların nüfuzunun hökmranlıq etmək istəyindən deyil, məsuliyyətli davranışlarından qaynaqlandığı bildirilir. Oğlaq və Dolça bürclərinə aid edilən bu şəxslər çətin anlarda təşəbbüs göstərirlər. Qərar verməzdən əvvəl vəziyyəti dəyərləndirməyə və riskləri hesablamağa üstünlük vermələri ətrafdakıların onlara güvənməsinə, məsləhət üçün müraciət etməsinə səbəb olur.

Aprel

Apreldə doğulanlar liderlik rolunun onlara təklif olunmasını gözləmədən irəli çıxmağa meyillidirlər. Qoç və Buğa bürclərinin nümayəndələri cəsarətli qərarlardan çəkinmir, çətinliklər qarşısında mövqelərini qoruyurlar. Onların qətiyyətinin başqalarını ruhlandırdığı, səhvlərdən dərs almaq və şəraitə uyğunlaşmaq qabiliyyətinin də liderlik cəhətləri sayıldığı vurğulanır.

Avqust

Avqustda dünyaya gələnlər təbii özünəinamı və xarizması ilə seçilirlər. Şir və Qız bürclərinə aid edilən şəxslərin diqqəti cəlb etmək, insanları ruhlandırmaq və şəxsi nümunələri ilə təsir göstərmək bacarığı olduğu bildirilir. Onların rəhbərlik tərzi sərt idarəçilikdən çox, başqalarına dəstək olmaq və nailiyyətlərinə sevinməklə əlaqələndirilir. Özlərinə inamlarının ətrafdakılara da müsbət təsir göstərdiyi qeyd olunur.

Dekabr

Dekabrda doğulanlar uzaq gələcəyi nəzərə almaq və çətinliklərə baxmayaraq məqsədlərindən dönməmək xüsusiyyətləri ilə fərqləndirilir. Oxatan və Oğlaq bürclərinin nümayəndələri yeniliklərə və yeni başlanğıclara açıqdırlar. Onlar müvəqqəti maneələrdən çox uzunmüddətli hədəflərə yönəlir, nikbinlikləri və geniş baxışları ilə ətrafdakıları daha böyük məqsədlər seçməyə həvəsləndirirlər.