QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, ilahiyyatçı Fazil Əhməd vəfat etmiş insanların səs və görüntülərinin süni intellekt vasitəsilə yenidən yaradılmasını müasir dövrün yeni məsələlərindən biri adlandırıb. Onun fikrincə, bu texnologiyadan istifadə özlüyündə haram və ya günah deyil.

Fazil Əhməd qeyd edib ki, rəqəmsal canlandırma insanlara dünyasını dəyişmiş yaxınlarının mimikalarını, gülüşünü və üz cizgilərini xatırlamağa, eləcə də onların səsindən istifadə etməklə virtual söhbət qurmağa imkan verir. Müasir fəqihlər də belə fəaliyyəti ayrıca qadağan olunmuş əməl hesab etmirlər.

İlahiyyatçının sözlərinə görə, İslamda mənəvi dəyərlərə zərər vuran, fəsada və günaha yol açan davranışlar yolverilməz sayılır. Bu cür texnologiyanın istifadəsi zərər doğurmur, günaha səbəb olmur, israf və vaxt itkisini artırmır, insanların hisslərini təhqir etmirsə, onu haram hesab etmək üçün əsas yoxdur.

Əhməd əlavə edib ki, vəfat etmiş şəxsin rəqəmsal obrazı bəzi yaxınlarına mənəvi dayaq verə bilər. Məsələn, gənc yaşda dünyasını dəyişən insanın bacısı və ya qardaşı onun səsini eşidib görüntüsü ilə ünsiyyət qurmaqla müəyyən təsəlli tapa bilər.

İlahiyyatçı vurğulayıb ki, əsas meyar texnologiyanın hansı məqsədlə və hansı şəkildə tətbiq edilməsidir. Fəsad, günah, təhqir, mənəvi zərər və ya ciddi israf yoxdursa, bu fəaliyyəti haram, günah və yaxud məkruh saymaq üçün əsas görmür.