QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Sardiniyanın Ollolai qəsəbəsində xarici ölkələrdən gələnlərə bir aylıq evi 1 avroya kirayələmək imkanı yaradılıb. Fürsətdən yararlananlardan ödənişlə yanaşı, peşə biliklərini yerli sakinlərlə bölüşmək tələb olunur.
Ollolai bələdiyyəsinin “Work From Ollolai” proqramı müxtəlif sahələrdə çalışan mütəxəssislərin təcrübəsini qəsəbə sakinlərinə çatdırmağı hədəfləyir. Seçilən iştirakçılar açıq görüşlər keçirməli, dərslər təşkil etməli və ya layihələr hazırlamalıdırlar. Təşəbbüs vasitəsilə sakinlərin yeni peşələr, rəqəmsal iş imkanları və başqa mədəniyyətlərlə tanışlığı nəzərdə tutulur.
Müraciətlərə baxılarkən namizədlərin peşə təcrübəsi nəzərə alınır. Texnologiya, media, maliyyə, daşınmaz əmlak və memarlıq sahələrinin mütəxəssisləri, eləcə də sahibkarlar proqrama dəvət olunur. Sənətçilər, yazıçılar, musiqiçilər, alimlər və akademiklər də müraciət edə bilərlər.
Boş evlərin mövcudluğundan asılı olaraq iştirakçılara bir və ya iki yataq otaqlı mənzillər ayrılır. Ev sahibi ilə kirayə müqaviləsi 1 avroya bağlanır və qalma müddəti maksimum bir aydır. Daha uzun qalmaq istəyənlərin müraciətləri ayrıca nəzərdən keçirilir.
Simvolik ödəniş yalnız kirayəni əhatə edir. Qidalanma, kommunal xidmətlər, depozit və nəqliyyat xərclərini iştirakçılar ödəyirlər. Bələdiyyə viza və vergi məsələlərində yardım göstərmədiyindən müraciətçilərə səfər öncəsi tələb olunan şərtləri araşdırmaq tövsiyə olunur.
Uzunömürlülüyü ilə tanınan Sardiniyanın “Mavi zona”sında yerləşən Ollolai əvvəllər evlərin 1 avroya satışı proqramı ilə də diqqət çəkib. Daimi yaşayış üçün nəzərdə tutulan həmin təşəbbüs bir aylıq kirayə proqramından ayrıdır.